Avropa İttifaqının (Aİ) Ukraynaya 2026-2027-ci illər ərzində 90 milyard avro məbləğində kreditin təqdim edilməsi barədə qərarı təhlükəsizliyin real maliyyə təminatıdır.
İndex.az yerli KİV-lərə istinadən xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski bəyan edib.
"Hazırda masada Ukraynaya iki il ərzində 90 milyard avro dəstəyin ayrılması barədə mühüm qərar var. Bu, bizim təhlükəsizliyimizin və dayanıqlığımızın real maliyyə təminatıdır və o həyata keçirilməlidir. Bunun üçün çalışan hər kəsə minnətdaram", - V.Zelenski Avropa Parlamentinə müraciətində deyib.
O, həmçinin qeyd edib ki, Ukrayna iki gün əvvəl hava hücumundan müdafiə üzrə yardım paketinin bir hissəsini alıb, lakin "Patriot" raketlərinə ehtiyac duyur: "Son hava hücumundan müdafiə yardım paketi üçün minnətdarıq. Bütün təfərrüatları bölüşə bilmərəm, lakin paketin yarısı artıq buradadır. O, iki gün əvvəl gəlib çatıb".
V.Zelenski əlavə edib ki, Ukraynaya ABŞ-dən "PAC-2" və "PAC-3" raketləri lazımdır. O, növbəti qışa hazırlıq üçün tədbirlərin sürətləndirilməsinə çağırıb.
Xatırladaq ki, fevralın 11-də Avropa Parlamentinin deputatları Strasburqda plenar sessiyada Ukrayna üçün 2026-2027-ci illər üzrə 90 milyard avro həcmində kreditin ayrılmasının lehinə səs veriblər. Bundan 60 milyardın Ukraynanın müdafiə məqsədlərinə xərclənməsi planlaşdırılır. 30 milyard isə "Ukraine Facility" mexanizmi vasitəsilə təqdim ediləcək makromaliyyə yardımı və ya büdcə dəstəyinə ayrılacaq. İndi Aİ Şurası kreditin verilməsi barədə nizamnaməyə dair yekun rəsmi qərar qəbul etməlidir.
