Prezident İlham Əliyev Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyində olan "Regional Su Meliorasiya Xidməti" və "İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidməti" publik hüquqi şəxslərin yenidən təşkili haqqında fərman imzalayıb.
İndex.az xəbər verir ki, fərmana əsasən, həmin qurumlar agentliyin tabeliyində "Regional Su Meliorasiya" və "İri Şəhərlərin Su Təchizatı" QSC-yə çevriliblər.
"Regional Su Meliorasiya" meliorasiya və irriqasiya sahəsində xidmətlər göstərən, dövlət mülkiyyətində olan meliorasiya və irriqasiya sistemlərinin istismarını və mühafizəsini, balansında (istifadəsində) olan su təsərrüfatı obyektlərinin (su anbarlarının, kanalların, boru xətlərinin və s.) istismarını, həmçinin Azərbaycan Respublikasının rayon və şəhərlərində (Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərləri istisna olmaqla) istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini həyata keçirən dövlətə məxsus kommersiya hüquqi şəxsidir;
"İri Şəhərlərin Su Təchizatı" Bakı, Sumqayıt, Gəncə, Mingəçevir, Naxçıvan və Şirvan şəhərlərində istehlakçıların məişət (təsərrüfat) – içməli, istehsalat və digər məqsədlər üçün su ilə təmin olunması, yağış və tullantı sularının emalı və axıdılması xidmətlərini həyata keçirən dövlətə məxsus kommersiya hüquqi şəxsidir;
Cəmiyyətlərin fəaliyyətinə ümumi rəhbərliyi və nəzarəti həyata keçirmək üçün sədr də daxil olmaqla 5 üzvdən ibarət Müşahidə Şurası yaradılır;
Cəmiyyətlərin fəaliyyətinə cari rəhbərliyi Müşahidə Şurası tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən icraçı direktor həyata keçirir;
Cəmiyyətlərin nizamnamə kapitalı bu Fərmanın 1.1-ci və 1.2-ci bəndlərində nəzərdə tutulan müvafiq publik hüquqi şəxslərin əmlakı hesabına formalaşır;
Cəmiyyətlər "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı günədək publik hüquqi şəxslər fəaliyyətini davam etdirir.
Cəmiyyətlərin ümumi yığıncağının səlahiyyətlərinin həyata keçirilməsi aşağıdakılara həvalə edilib:
Prezidentə:
- yenidən təşkili və ləğvi;
- icra orqanının yaradılması;
Nazirlər Kabinetinə:
- nizamnaməsinin təsdiqi və nizamnamə kapitalının miqdarının müəyyən olunması, onlarda dəyişiklik edilməsi;
Agentliyə:
- xalis aktivlərinin dəyərinin 25 (iyirmi beş) faizindən artıq məbləğdə olan əqdin (xüsusi əhəmiyyətli əqdin), eləcə də müstəqil auditorun rəyi ilə aidiyyəti şəxslə dəyəri aktivlərinin 5 (beş) faizini və daha çox hissəsini təşkil edən əqdin bağlanılması haqqında qərar qəbul edilməsi;
- Müşahidə Şurası sədrinin Azərbaycan Respublikasının Prezidenti ilə razılaşdırmaqla vəzifəyə təyin və vəzifədən azad edilməsi;
- Müşahidə Şurasının digər üzvlərinin vəzifəyə təyin və vəzifədən azad edilməsi;
Müşahidə Şurasına:
- Mülki Məcəllə ilə səhmdarların ümumi yığıncağının səlahiyyətlərinə aid edilmiş digər məsələlərin həlli.
Nazirlər Kabineti normativ hüquqi aktların təkmilləşdirilməsi ilə bağlı təkliflərini üç ay müddətində hazırlayıb dövlət başçısına təqdim etməli, Cəmiyyətlərin nizamnamələrini iki ay müddətində təsdiq edib Prezidentə məlumat verməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.
Agentlik Cəmiyyətlər "Hüquqi şəxslərin dövlət qeydiyyatı və dövlət reyestri haqqında" qanunla müəyyən edilmiş qaydada dövlət qeydiyyatına alındığı gündən bir ay müddətində publik hüquqi şəxslərin balansında olan əmlakın müvafiq olaraq Cəmiyyətlərin balansına verilməsi ilə bağlı zəruri tədbirlər görülməsini təmin etməli, fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.
Maliyyə Nazirliyi "Dövlət maliyyəsinin səmərəli idarə edilməsinin təşkili ilə bağlı əlavə tədbirlər haqqında" ölkə Prezidentinin 25 avqust 2025-ci il tarixli fərmanına uyğun olaraq, Cəmiyyətlərin strukturunun, ştat vahidlərinin və əməkhaqqı sistemlərinin maliyyə ekspertizasını həyata keçirsin və onların optimallaşdırılması üçün tədbirlər görməlidir.
