Avropa Komissiyası Çindən Aİ-yə elektromobil idxalına 35%-dək rüsum təsdiqləyib

Avropa Komissiyası (AK) Çindən Avropa İttifaqına (Aİ) elektromobil idxalına beş il müddətinə 35 %-dək rüsum tətbiq edilməsini təsdiqləyib, lakin tərəflər kompromis həll yolu axtarmağa davam edəcəklər.

İndex.az xəbər verir ki, bu barədə Avropa Komissiyasının bəyanatında deyilib.

“Bu gün Avropa Komissiyası Çindən batareyalı elektromobillərin idxalına beş il müddətinə yekun kompensasiya rüsumları tətbiq etməklə antisubsidiya araşdırmasını başa çatdırıb”, – sənəddə qeyd olunub.

Bununla yanaşı, Aİ-nin yüksək səviyyəli nümayəndəsinin jurnalistlərə bildirdiyinə görə, Avropa Komissiyası tərəfindən rüsumun təsdiqlənməsinə baxmayaraq, tərəflərin texniki qrupları kompromis həll yolunun tapılması üçün danışıqları davam etdirirlər.

Diplomatın sözlərinə görə, “Avropa Komissiyasının qərarı çərşənbə günü Aİ-nin Rəsmi Jurnalında dərc edilməli və cümə axşamı, 31 oktyabrda qüvvəyə minməlidir”.