Bu ilin yanvar-oktyabr aylarında gömrük bəyannamələrinə əsasən, Azərbaycan 20 milyon 571 min 968,71 ton həcmində bitumlu süxurlardan alınmış xam neft və neft məhsulları ixrac edib.
İndex.az bu barədə Dövlət Gömrük Komitəsinin statistikasına istinadən xəbər verir.
Azərbaycandan ixrac edilən xam neftin dəyəri 12 milyard 762 milyon 589,03 min ABŞ dolları təşkil edib.
İxrac edilən xam neftin həcmi 2023-cü ilin yanvar-oktyabr ayları ilə müqayisədə 7,6 %, dəyəri isə 7,4 % azdır.
Bu il Azərbaycanın ümumi ixracında bitumlu süxurlardan alınmış xam neft və neft məhsullarının payı 56,12 % olub.
Qeyd edək ki, bu ilin yanvar-oktyabr aylarında Azərbaycan xarici ölkələrlə 39 milyard 378,7 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Xarici ticarət dövriyyəsinin 22 milyard 742,3 milyon ABŞ dolları ixracın, 16 milyard 636,4 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 22,5 % azalıb, idxal isə 17,4 % artıb.