İşğaldan azad olunan rayonlarda biznesə nə mane olur?

İşğaldan azad olunan ərazilərdə 21 yaşayış məntəqəsinin layihələndirilməsinə başlanıb. Yaxın zamanlarda həmin kənd və qəsəbələrin inşası və yenidən qurulmasına başlanacağı açıqlanıb. Ağdam, Cəbrayıl və Füzulidə rayon mərkəzlərinin yenidən qurulması ilə bağlı ilkin yaşayış binalarının inşası və layihələndirməsi işləri də həyata keçirilir. Bu işdə əsas çətinliklərdən biri ərazilərin hələ də minalardan tam təmizlənməməsidir. Bu səbəbdən mütəxəssislər hesab edirlər ki, hələlik minadan təmizlənən sahələrdə biznes subyektlərinin qurulması daha məqsədəuyğundur. Lakin orada əhalinin məskunlaşmaması sahibkarlara da bir çox sahələrdə iş qurmağa mane olur. Ancaq bəzi sahələrdə işə başlamağın gələcək üçün ciddi uğur gətirməsi də istisna olunmur.

Bu barədə fikirlərini İndex.az-la bölüşən iqtisadçı ekspert Eldəniz Əmirov işğaldan azad edilən ərazilərin ümumi sahəsinin təxminən 10 min kv.km-ə yaxın olduğunu bildirib. Bunun hər kv.km-i üzrə bu və ya digər formada biznes qurmaq potensialının yüksək olduğunu vurğulayıb:

“Sadəcə olaraq biznes sahələrinin uğur qazanması onun nə zaman vaxt qurulmasından asılı olacaq. Bu gün həmin ərazilərdə yaradılmalı olan daha praktik və faydalı ola biləcək sahələr kənd təsərrüfatı sektoruna aiddir. Çünki digər sahələr üzrə olan bizneslərin bəziləri hələlik mümkün deyil. Məsələn, xidmət, ticarət, ictimai iaşə xidmətləri vermək mümkün deyil. Həmin bizneslər əhalinin sıx məskunlaşmasından sonra qurula və gəlir gətirə bilər. Sənaye sahələri də eynilə belədir. Ancaq kənd təsərrüfatı bu gün ən optimal və perspektivli istiqamətdir”.
Ekspert işğaldan azad edilən ərazilərdə hələlik ikinci real biznes sahəsinin enerji istehsalı olduğunu qeyd edib. Bunun üçün həmin reğionlarda böyük potensialın mövcud olduğunu deyən E.Əmirov orada istər bərpa olunan enerji mərkəzlərinin, istərsə də su elektrik stansiyalarının yaradılmasının mümkünlüyünü vurğulayıb:
“Qarabaq və Şərqi Zəngəzur iqtisadi rayonları yüksək hidroloji potensiala malikdir. Hazırdhəmin ərazilərdə 13 avtomatlaşdırılmış hidrostansiyanın qurulması ilə bağlı işlər gedir. Düşünürəm ki, bu istiqamətdə də uğurlu biznes qurmaq olar. Çünki enerji istehsalına tələbat çox aktualdır”.

Bütün bu və digər sahələrdə iş görmək, ümumiyyətlə, həmin ərazilərdə iqtisadi fəaliyyətin bərpa olunması, iqtisadi reinteqrasiyanın yaradılması üçün öncə infrastrukturun yaradılması vacibdir. Yol infrastrukturu, enerji, qaz, su təchizatı və digər sahələrin yaradılması birbaşa biznesin qurulması və inkişafı üçün ən başlıca amildir. Dövlət investisiya layihələri çərçivəsində bu işlərin artıq 2 ilə yaxındır həyata keçirildiyini deyən E.Əmirov işğaldan azad edilə ərazilərdə biznes fəaliyyətinə başlamaq istəyən insanların, yerli və xarici sahibkarların müraciətlərinin çox olduğunu bildirib. İqtisadiyyat Nazirliyində onların reyestrinin aparıldığını qeyd edib:

“Təbii olaraq, infrastruktur sahələri yaradıldıqca, imkanlar genişləndikcə həmin müraciət edən şəxslərin bizneslərinin qurulması üçün şərait yaradılır. İşğaldan azad oluna ərazilərdə hər hansı sahədə qurulan işlər düzgün idarə edilərsə, yaxın 5-10 il ərzində kifayət qədər gəlirli biznes sahəsinə çevriləcək. Çünki Şərqi Zəngəzur gələcəkdə loqistik hub olacaq. Şimal-cənub və şərq-qərb dəhlizləri buradan keçəcək, hava limanı yaradılacaq, zəruri infrastruktur qurulacaq. Ermənistanla sülh müqaviləsi də bağlanacaq. Beləliklə, ərazi aktiv və dinamik iqtisadi fəaliyyətin olduğu məkana çevriləcək. Bu gün orada fəaliyyətə başlayan biznes subyekti gəlirlə işləməsə belə, hətta orada işçilərin saxlanması, digər təminatlar üçün kifayət qədər xərclər çəkilsə də, orada daha tez oturuşan, öz təsərrüfat subyektlərini formalaşdıran sahibkarlar düşünürəm ki, yaxın 5-10 il ərzində Şərqi Zəngəzurun və Qarabağ iqtisadi rayonlarının ən çox gəlirli və öndə gedən sahibkarlarından olacaq”.

Xatırladaq ki, 2021 və 2022-ci illərdə işğaldan azad edilən ərazilərin bərpası üçün büdcədən 4,4 milyard manat vəsaitin ayrılması nəzərdə tutulub. Artıq həmin vəsaitin yarıdan çoxu infrastrukturun formalaşması üçün istifadə olunub. 2022-ci ildə də 2,2 milyard manat vəsaitin ayrılması planlaşdırılıb. Hesablamalara görə, işğaldan azad edilən ərazilər bərpa və yenidənqurma prosesindən sonra iqtisadiyyata təxminən 5 milyard manata yaxın yeni dəyər qazandıracağı bildirilib. Bu isə Azərbaycan iqtisadiyyatının təxminən 8% əlavə olaraq formalaşmasına imkan verə bilər.