iOS “Android” üzərində qalib gəlsə də, “Apple” buna sevinmir – SƏBƏB

Smartfonlar dünyasının ən vacib iki əməliyyat sistemi olan iOS və “Android” arasındakı rəqabət səngimədən davam edərkən, iOS son zamanlarda bu yarışda liderliyi ələ alıb.

İndex.az xəbər verir ki, CIRP-nin (Consumer Intelligence Research Partners) son hesabatına görə, “Apple”, “Android” və iOS arasında mübarizədə üstünlük əldə etməyə başlayıb.

Belə ki, 2024-cü ilin iyun ayında yeni “iPhone” alan istifadəçilərin 17%-i köhnə “Android” istifadəçiləri olub.

Qeyd edək ki, bu nisbət keçən il təxminən 10% idi.

Təbii ki, ilk baxışdan bu, “Apple” üçün əhəmiyyətli uğur sayıla bilər.

Lakin bu o demək deyil ki, şirkət ümumilikdə mənfəətini artırıb.

Məlumata görə, “Android”dən “iPhone”a keçən istifadəçilərin üstünlük verdiyi modellər ən yeni və ən bahalı seriya olan “iPhone 15” seriyası deyil, bir neçə il əvvəl buraxılmış köhnə, daha sərfəli modellərdir.

Bu, şirkətin gəlirliliyinin azalmasına səbəb olur.

Üstəlik, bu tendensiya təkcə “Android” istifadəçiləri ilə məhdudlaşmır.

Hazırda “iPhone” istifadəçilərinin yeni modellərə keçmə sürəti də azalır.