Anidən ayağa qalxanda niyə başımız fırlanır və gözlərimiz qaralır?

Birdən ayağa qalxma nəticəsində qarşılaşdığımız bu problem olduqca yayğın olmaqla yanaşı, həm də bezdiricidir. Onun təsiri bəzən heç vaxt keçməyəcək kimi hiss olunur.

İndex.az xəbər verir ki, bədənin bu reaksiyası postural və ya ortostatik hipotenziya kimi tanınır.

Bu, bədən mövqeyinin sürətli dəyişməsi nəticəsində yaranır. Tez ayağa qalxdıqdan bir neçə saniyə sonra meydana gələn görmə dəyişiklikləri, başgicəllənmə və qan təzyiqinin ani və müvəqqəti düşməsi səbəbindən baş verir.

Bundan əlavə, bu saniyələr ərzində beyinə kifayət qədər qan və oksigen getmir. Retinanın işığı hiss edən toxumasına oksigen tədarükü də azalmağa meyillidir.

Çünki göz qişasının mükəmməl işləməsi üçün çoxlu oksigenə ehtiyacı var.

Yenə ayağa qalxdığınız zaman ayaqlarınıza təxminən 300-800 cc qan çəkilərək təzyiqin müvəqqəti azalmasına səbəb olur.

Bu o deməkdir ki, birdən-birə ayaqlara 0,3-0,8 litr qan axır. Qan təzyiqinin düşməsi beyni qanla təmin edən arteriyalarda və oksigenin bədənə çatdırılmasından sonra qanın axdığı ürəyin sağ atriumunda təzyiqə həssas reseptorlar tərəfindən aşkar edilir.

Bu aktivləşdirilmiş reseptorlar daha sonra insanın qan təzyiqini tarazlaşdırır, nəticədə qan damarları daralır, ayaq və qarın əzələləri yığılır və ürək döyüntüləri artır.

Bu təsirlər tez-tez nəzərə çarpmır, lakin kifayət qədər su içmirsinizsə və ya qrip kimi bir xəstəliyiniz varsa, qan təzyiqinin düşməsi daha aydın görünə bilər və sabitləşməsi daha uzun sürə bilər.

Xülasə, bulanıq görmə və qəfil ayağa qalxdıqda başgicəllənmə orqanizmin normal reaksiyasıdır və narahat olmağa dəyməz. Ancaq simptomlar artarsa, həkimə müraciət edə bilərsiniz.