Bu gün Azərbaycanda Ramazan bayramı qeyd olunur.
İndex.az xəbər verir ki, bu bayramın tarixi müsəlman təqvimi ilə hicrinin 2-ci ilindən (miladi 623-cü il) başlanır.
Qeyd edək ki, İslamın müqəddəs bayramları içərisində Ramazan bayramı mühüm yer tutur. Çünki İslamda ilin ayları arasında Ramazan ayı ən müqəddəs ay hesab edilir. Onu “on bir ayın sultanı” da adlandırırlar, çünki bu ayın gecələrinin birində müqəddəs kitabımız olan “Qurani Kərim” nazil olmuşdur.
Orucluq Ramazan ayında təzə ay çıxandan başlanır və 29-30 gün davam edir. “Qurani Kərim”də yazılır: “Sübh açılınca, ağ sap qara sapdan fərqlənməyincəyə qədər yeyib-için, sonra gecəyə kimi orucunuzu tamamlayın”.
Ramazan ayı orucluq, insan nəfsinin paklığı, eyiblərin və naqisliyin islah olunması, ağıl, iman və iradənin saflaşması dövrüdür. Insan bu ayın dua və ibadətləri ilə eyiblərdən saflığa, saflıqdan kamilliyə doğru gedir.
Orucluq vaxtı gündüz yemək, içmək, siqaret çəkmək olmaz. Oruclu adam sürmə çəkməməli, ətirlənməməli, tütün, gül iyləməməli və orucu pozan digər hərəkətləri etməməlidir. Orucluq dövründə insan dünya ləzzətindən çəkinir, gündəlik fəaliyyətini davam etdirsə də, özünü Allaha ibadətə həsr edir, nəfsini təmiz saxlayır və bu vaxt şeytan onun qəlbinə yol tapa bilmir. Peyğəmbərimiz (S.Ə.S) buyurur ki, Ramazan ayı gələndə isə cənnətin qapıları açılar, cəhənnəmin qapıları bağlanar, şeytanlar da zəncirdə olar.
Orucluğun başa çatdığı gün Fitr bayramı adlanır. Həmin gün bütün müsəlmanlar bir-birlərini təbrik edir, vəfat edənlərin qəbirlərini ziyarət edir, ruhlarına dualar oxuyurlar. Bayram günü hər kəs öz himayəsində olanlar üçün təqribən 3 kq buğda, yaxud xurma və ya kişmiş miqdarında kasıblar üçün fitrə zəkatı verməlidir.
Onu da qeyd edək ki, Ramazan bayramı ölkəmizdə 2 gün qeyd olunur.