Orban: “Rusiya NATO üzvü olan ölkəyə hücum edə bilməz”

Macarıstanın baş naziri Viktor Orban Rusiyanın istənilən NATO üzvünə hücum edəcəyi ilə bağlı qorxuların əsassız olduğunu bildirib və Ukraynadakı müharibənin Rusiyanın imkanlarının sərhədlərini göstərdiyini vurğulayıb.

İndex.az xəbər verir ki, Avropa İttifaqı və NATO üzvü olan Macarıstan Rusiyanın genişmiqyaslı işğalından sonra Ukraynaya hərbi yardım göstərməkdən imtina edib. Budapeşt NATO-nun Ukraynaya yardımla bağlı uzunmüddətli planından kənarda qalmaq istəyir.

2010-cu ildən hakimiyyətdə olan millətçi Orban gələn ay keçiriləcək Avropa Parlamenti seçkiləri üçün kampaniyasını münaqişəyə daha dərindən qarışmamaq gündəmi üzərində quraraq, səsvermənin Avropada müharibə və sülhün gedişatını müəyyən edəcəyini deyib.

Orban cümə günü dövlət radiosuna müsahibəsində deyib: “Rusiya ordusu ukraynalılarla ciddi və çətin müharibə aparır. Əgər ruslar ukraynalıları dərhal məğlub edəcək qədər güclü olsaydılar, bunu çoxdan edərdilər”.

Orban deyib ki, NATO-nun hərbi imkanları Ukraynanın imkanlarından qat-qat üstündür, ona görə də Rusiyanın və ya başqa bir ölkənin NATO-ya hücum etməsi ehtimalı azdır.

“Ukraynanı məğlub edə bilməyən Rusiyanın birdən-birə gəlib Qərb dünyasını udmasını məntiqli hesab etmirəm, bunun ehtimalı son dərəcə zəifdir”, – Orban deyib.