İstilik və isti su təchizatı xidmətləri sayğaclaşdırılacaq

“Azəristiliktəchizat” ASC-nin istilik və isti su təchizatı xidmətləri sayğaclaşdırılacaq.

İndex.az xəbər verir ki, bu, Prezident İlham Əliyevin bu gün imzaladığı “İstilik təchizatı sahəsində islahatların sürətləndirilməsi və səmərəliliyin artırılması ilə bağlı tədbirlər haqqında” sərəncamnda əksini tapıb.

Sərəncama əsasən, Nazirlər Kabineti 9 (doqquz) ay müddətində:

– Energetika Nazirliyinin İqtisadiyyat Nazirliyi və Maliyyə Nazirliyi ilə razılaşdırılmış təklifləri əsasında “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinin fəaliyyətinin səmərəliliyinin artırılması, gəlir və xərclərinin optimallaşdırılması, istilik və isti su təchizatı xidmətlərinin sayğaclaşdırılması, istilik təchizatı sistemlərinin bərpası və istismarı məqsədilə zəruri və təxirəsalınmaz tədbirlərin həyata keçirilməsini təmin etməli və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;

– enerji resurslarından səmərəli istifadə edilməsi və tikinti obyektlərində optimal istilik təchizatı sistemlərinin tətbiqi məqsədilə isti su və istilik təchizatı sahəsini tənzimləyən texniki normativ hüquqi aktların hazırlanmasını və ya təkmilləşdirilməsini təmin etməli və bu barədə Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli;

– Energetika Nazirliyinin təklifləri əsasında “İstilik təchizatı haqqında” qanun layihəsini Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.