Mərkəzi Bank  xidmət haqlarının optimallaşmasını hədəfləyib

Son dövrlərdə bəzi bankların nağdsız ödənişlərə görə əlavə komissiya tətbiq etməsi vətəndaşların narazılığına səbəb olub.

Xüsusilə, “card to card” əməliyyatları zamanı bu ödənişlər çıxılır. Bəzi banklar əvvəllər tətbiq etdiyi komissiya haqlarının məbləğini artırıb. Bu arada ödəniş terminalları ilə ödənişlər də pullu olub. Belə ki, terminaldan bank kartlarına ödəniş edilərək əlavə kommisiya tətbqi olunamğa başlayıb. Əslində, bu komissiya haqları əvvəllər də mövcud olub. Lakin vətəndaşlardan deyil, əməliyyatların reallaşdırıldığı banklardan alınırdı. İndi isə banklar bu xərclərdən imtina edib və xərclər vətəndaşlara yönəldilib.

Bütün bunlar isə ölkədə nağdsız ödənişlərin əngəllənməsinə xidmət edir. Artıq bir çox vətəndaşlar bu tip ödənişlərdən imtina edərək nağd ödənişlərə üstünlük verdiklərini bildirirlər. Bəs bunun qarşısını almaq üçün Mərkəzi Bankın hansısa planı varmı?

İndex.az-ın sualını Azərbaycan Mərkəzi Bankının baş direktoru Fərid Osmanov cavablandırıb. Onun sözlərinə görə, ödəniş terminalları vasitəsilə komissiyaların artırılması ilə bağlı requlyatorun məlumatı var:

“Bu istiqamətdə aidiyyatı təşkilatlarla aktiv şəkildə diskusiyalar həyata keçiririk. Komissiyaların müəyyən olunmasında onlar biznes maraqları üzərindən çıxış edirlər. Eyni zamanda Mərkəzi Bankın öz milli ödəniş sistemlərindən olan ani ödənişlərin tətbiqi çərçivəsində məhz ödəniş xidmət haqlarının 0 olaraq saxlanması təşəbbüsü 2022-ci ilin sonunadək qüvvədədir”.
Nağdsız ödənişlərin həcmi 2022-ci ilin I rübü ərzində 2021-ci iilin analoji dövrü ilə müqayisədə 2,1 dəfə artdığını deyən F.Osmanov bu həcmin 4,4 milyard manat təşkil etdiyini bildirib. Əlavə edib ki, ödəniş kartları ilə aparılan əməliyyatlarda nağdsız ödənişlərin xüsusi çəkisi I rübün yekununa əsasən, ötən ilin eyni dövrü ilə müqayisədə rekord səviyyədə – 12,1% yüksələrək 39,1%-ə çatıb:

“Buradan görsənir ki, Mərkəzi Bank ölkədə maksimum nağdsız cəmiyyətin formalaşması istiqamətində davamlı tədbirlər görür. Hazırda aktiv olaraq nağdsız və rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə 2021-2023-cü illəri əhatə edən ödəniş strategiyası həyata keçirməkdədir. Strategiyamızın başlıca məqsədi ödəniş ekosistemində rəqabətli, innovativ və əlçatan ödəniş ekosisteminin formalaşdırılmasıdır”.

F. Osmanov ödəniş strategiyasının əsas hədəfi kimi rəqəmsal ödənişlər ekosisteminin bir hissəsi kimi finteklərin bazara aktiv cəlb olunması istiqamətində adekvat qanunvericilik mühitinin formalaşdırılmasını qeyd edib:
“Artıq “Ödəniş xidmətləri və ödəniş sistemləri haqqında” qanun layihəsi hazırlanıb. Aidiyyatı qurumlarla razılaşdırılıb və hökumətə təqdim olunub. Adekvat milli ödəniş sistemləri infrastrukturunun yaradılması, modernizasiyası, tariflərin, xidmət haqlarının optimallaşdırılması, ölkənin istənilən bölgəsində ödəniş xidmətlərinin əlçatanlığı bu strategiyanın əsas hədəflərindəndir. Ümid edirik ki, 2023-cü ilin sonunadək qaldırılan məsələlərin tərəfimizdən ciddi realizasiyası həyata keçiriləcək, məsələlər həllini tapacaq”.