Sahibkarlara verilən güzəştli kreditlərin həcmi açıqlanıb

Bu ilin yanvar-aprel aylarında İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) 61,3 milyon manat güzəştli kredit verib.

İndex.az xəbər verir ki, bunu Fondun sədrinin müşaviri Namiq Zeynalov deyib.

Onun sözlərinə, bu vəsait 1 684 layihə üzrə ödənilib: “Layihələrin reallaşdırılması nəticəsində 963 yeni iş yerinin yaradılması nəzərdə tutulur”.

N. Zeynalov, 2023-cü ildə SİF tərəfindən ümumi dəyəri 459,9 milyon manat olan 3 276 investisiya layihəsinin maliyyələşdirilməsinə 193,8 milyon manat güzəştli kreditin verildiyini bildirib. Bu kreditlər hesabına 3 000-dən çox yeni iş yerinin açılması üçün imkanı yaranıb. Verilmiş kreditlərin 46,4%-i kənd təsərrüfatı məhsullarının istehsalı, 43%-i sənaye məhsullarının istehsalı və emalı, 5,5%-i xidmət sahələri, 4,5%-i turizmin inkişafı layihələrinə yönəldilib. Güzəştli kreditlərin 72%-i regionların, 28%-i isə Bakı şəhəri və Abşeron iqtisadi rayonunun payına düşür.