İqtisadiyyatımıza investisiya qoyuluşu 12%-ə yaxın artıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycanda əsas kapitala 5 milyard 230,4 milyon manat məbləğində, yaxud əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 11,8% çox investisiya yönəldilib.

İndex.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 6,2%, qeyri neft-qaz sektoruna yönəldilən investisiyaların həcmi isə 15,2% artıb.

İstifadə olunmuş investisiyanın 2 milyard 828,9 milyon manatı və ya 54,1%-i məhsul istehsalı sahələrinə, 1 milyard 979,3 milyon manatı (37,8 %-i) xidmət sahələrinə, 422,2 milyon manatı (8,1%-i) isə yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş investisiyaların 4 milyard 210,1 milyon manatını və ya 80,5 %-ini daxili investisiyalar təşkil edib. Əsas kapitala yönəldilmiş investisiyaların 3 milyard 687,6 milyon manatı və ya 70,5 %-i bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.