İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu (SİF) 2021-ci ili 17,683 milyon manat xalis mənfəətlə başa vurub. Halbuki, Fond 2020-ci ildən 32,229 milyon manat xalis zərərlə çıxmışdı.
İndex.az bu barədə qurumun maliyyə hesabatına istinadən xəbər verir.
Sənədə əsasən, SİF-in yığılmış zərəri 9,1% azalaraq 175,8 milyon manata düşüb.
Ötən il Fondun əməliyyat gəlirləri 14,139 milyon manat (əvvəlki ilə nisbətən 39,9 % çox), əməliyyat xərcləri 6,086 milyon manat (21,4 % çox), ehtimal olunan kredit zərərlərinin azalması hesabına gəlirləri 10,435 milyon manat (əvvəlki il zərər edib), mənfəət vergisi ödəmələri isə 805 min manat (3,6 dəfə çox) təşkil edib.
Bu il yanvarın 1-nə SİF-in aktivləri 842,108 milyon manat olub ki, bu da illik müqayisədə 3 % çoxdur. Hesabat dövründə Fondun öhdəlikləri 2,9 dəfə aratarq 16,986 milyon manata, balans kapitalı isə 0,8% artaraq 825,122 milyon manata çatıb.
Xatırladaq ki, SİF ölkə prezidentinin “Sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 31 iyul 2018-ci il tarixli fərmanı ilə, İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığa Kömək Milli Fondunun bazasında yaradılıb. Onun nizamnamə kapitalı 1 007,307 milyon manatdır.