“Adore” məhkəməyə verildi

“İdeal” mağazaları kimi tanınan “Adore Kompani” şirkəti barəsində məhkəmə iddiası qaldırılıb.

İndex.az  “Kriminalqafqaz”a istinadən xəbər verir ki, Mərkəzi Bank tərəfindən şirkətə cərimə protokolu tərtib olunub. “Adore Kompani” MMC-nin rəhbərliyi iqtisadi fəaliyyət qaydalarını pozmaqda təqsirli bilinir. Şirkətə İnzibati Xətalar Məcəlləsinin 430.4-cü maddəsi ilə protokol yazılıb. Müddəanın tələblərinə əsasən, “Adore Kompani” xidmət almaq üçün avans yolu ilə ölkə xaricinə valyuta çıxarıb. Lakin hər hansı xidmət almayıb və həmin valyuta ölkəyə geri qaytarılmayıb.

Protokola Xəzər Rayon Məhkəməsində baxılır. Məhkəmə prosesi mayın 6-da baş tutacaq. İddia təsdiqini taparsa, şirkəti ölkədən çıxardığı valyutanın 30 faizi məbləğinda cərimə cəzası gözləyir.

Qeyd edək ki, “Adore Kompani” 2020-ci ilə qədər “İdeal” kimi tanınıb. Bazarda digər rəqib şəbəkə olan “Sabina”nı satın aldıqdan sonra adını dəyişdirib “Adore Kompani” adlandırıblar. “Adore Kompani”nin nizamnamə kapitalı 9 milyon manata yaxındır. Şirkətin rəsmi olaraq rəhbəri Nərmin İsmayılovadır. Bununla belə “Adore Kompani”yə qeyri-rəsmi olaraq AZAL prezidenti Cahangir Əsgərovun xanımı Zərifə Həmzəyevanın rəhbərlik etdiyi bildirilir.