Hüquqşünas “Azərbaycan Sənaye Sığorta”dan şikayət etdi

Daha bir sığorta şirkəti öhdəliyini yerinə yetirməkdən boyun qaçırır. Bu dəfə söhbət avtomobil qəzasında xəsarət alan sərnişinlərə ediləcək ödənişlərdən imtina edilməsindən gedir. Lənkəran sakinləri Əliyev Vüsal, Əliyev Rəşad və Əliyeva Vüsalə “Azərbaycan Sənaye Sığorta” şirkətindən şikayət ediblər. Onların nümayəndəsi hüquqşünas Nahid Məmmədov İndex.az-a açıqlamasında bildirib ki, ötən il dekabrın 6-da Lənkəran şəhərində “VAZ 2106” markalı 2 avtomabil toqquşub. Nəticədə hər iki maşına və sərnişinlərə ciddi ziyan dəyib:

“Hadisəni Lənkəran şəhər Rayon Polis Şöbəsində araşdırıblar. Nəticədə məlum olub ki, qəzada hər iki maşın günahkar olub. Ancaq sürücülərin əməlində cinayət məsuliyyəti olmadığına görə onların barəsində başlanan cinayət işi rədd edilib. Sürücü Tofiq Kəlbiyevin barəsində inzibati tədbir görülüb. Maşınların biri “A-Qrup” sığorta şirkətində, digəri “Azərbaycan Sənaye Sığorta”da sığorta olunub. Qəza hadisəsindən sonra bu darədə “Forma 4” tərtib olunaraq hər iki şirkətə təqdim edilib. Buan baxmayaraq, “Azərbaycan Sənaye Sığorta” şirkəti sərnişilrə dəyən zərərin ödənilməsindən yayınır. Dəfələrlə etdiyimiz müraciətlərə cavab verilmir”.

N.Məmmədov əlavə edib ki, sığorta qanunvericiliyinə əsasən, hər iki avtomobilin günahı ucbatından baş verən qəza nəticəsində zərərçəkənlərin hər birinə münasibətdə hesablanan öhdəliyinin ümumi həcmi iki şirkət arasında bərabər bölünür. Bu hadisə hər sığorta şirkəti zərərçəkənlərdən hər birinə 750 manat ödəniş etməlidir. “A-Qrup” bu qərarla razılaşıb və ödənişi etməyə hazır olduğunu bildirib. Lakin “Azərbaycan Sənaye Sığorta” müraciətlərə məhəl qoymayıb:
“Bir neçə dəfə telefonla danışmışam. Səbuhi adlı hüquqşünas mənə bildirdi ki, şirkət heç bir ödəniş etməyəcək. Ancaq bu barədə bizə yazılı imtina vermirlər. Mən problemlə bağlı Mərkəzi Banka şifahi müraciət etdim. Tələbimizin haqlı olduğunu dedilər. Ancaq yazılı müraciət edəcəyimiz halda məsələnin araşdırılacağını bildiriblər. Bunun üçün də sığorta şirkətindən rəsmi imtina olmalıdır. Yəni, şirkət bizim bütün hüquqlarımızı tapdalayır, şikayətlərimizi də əngəlləyir”.

Hüquqşünas sonuncu dəfə aprelin 26-da “Azərbaycan Sənaye Sığorta” şirkətinə ərizə ilə müraciət edib. Bundan əvvəl isə dəfələrlə həm yazılı, həm də şifahi müraciətləri nəticəsiz qalıb. Sığorta şirkəti ödənişi etməməkdə israrlıdır.
Məsələyə aydınlıq gətirmək üçün “Azərbaycan Sənaye Sığorta” şirkətinə müraciət etdik. Şirkətin nümayəndəsi problemdən xəbərsiz olduğunu və araşdıraraq əlavə məlumat verəcəyini bildirdi.

Məsələyə aydınlıq gətirmək üçün “Azərbaycan Sənaye Sığorta” şirkətinə müraciət etdik. Şirkətin nümayəndəsi bildirdi ki, adıçəkilən vətəndaşların məktubları şirkətə daxil olub və onlar artıq icraatdadır. Yaxın günlərdə zərərçəkənlərin ödənişləri bank hesabları vasitəsilə həyata keçiriləcək.