Yaponiyanın əhalisi 13 ildir azalır

Yaponiya Daxili İşlər və Rabitə Nazirliyinin dərc etdiyi məlumatlara görə, Yaponiya əhalisi son 13 ildə ardıcıl olaraq azalır.

İndex.az xəbər verir ki, 2023-cü ilin oktyabr ayına olan məlumata görə, Yaponiyanın ümumi əhalisi 124 milyon 352 min nəfərə qədər azalıb.

Ölkə daxilində yaşayan əcnəbilər nəzərə alınmasa, Yaponiya əhalisi əvvəlki ilə nisbətən 837 min azalaraq 121 milyon 193 min nəfərə çatıb. 1950-ci ildən sonra qeydə alınan məlumatlara görə, bu, ən böyük azalmadır.

Yaşı 65-dən yuxarı olan əhalinin sayı 36 milyon 227 min nəfərə, 75 yaşdan yuxarı olanların sayı 20,08 milyona yüksəldiyi halda, 0-14 yaş arası əhalinin sayı azalaraq 14 milyon 173 min nəfərə çatıb.

Yaponiyanı təşkil edən 47 inzibati rayon arasında əhalisi 0,34 faiz artan yeganə bölgə paytaxt Tokio olub. Ən çox əhali itkisi şimal-şərqdəki “Tohoku” bölgəsində yerləşən Aomori, İvate və Yamaqata prefekturalarında baş verib. Ölkədə yaşayan əcnəbi əhalinin sayı 243 min nəfər artaraq 3,16 milyon nəfərə çatıb.