Günəşdən aldığımız enerji 5 dəfəyə yaxın artıb

Bu ilin birinci rübündə Azərbaycanda günəş elektrik stansiyalarında 62,4 milyon kVt/saat enerji istehsal olunub.

Bu barədə İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-ci ilin yanvar-mart aylarının göstəricisi ilə müqayisədə 4,7 dəfə çoxdur.

Hesabat dövründə Azərbaycanda elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda 888,3 milyon manat dəyərində məhsul istehsal olunub və xidmətlər göstərilib. İl ərzində bu sahədə 5,2 %-lik azalma müşahidə olunub.

Su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorunda istehsal edilmiş məhsulların həcmi 6,6 % artaraq 130,6 milyon manat təşkil edib.

Ötən rüb ərzində Azərbaycanda 6 milyard 681,9 milyon kVt/saat elektrik enerjisi istehsal edilib ki, bu da 2023-cü ilin üç ayı ilə müqayisədə 8,4 % azdır. Bunun 6 milyard 458,7 milyon kVt/saatı əmtəəlik elektrik enerjisi olub ki, bu da illik müqayisədə 8,8 % azdır.

İstilik elektrik stansiyalarında 5 milyard 953,3 milyon kVt/saat enerji istehsal olunub ki, bu da illik müqayisədə 12,2 % azdır.

Bu ilin ilk rübündə Azərbaycanda su enerjisi ilə işləyən stansiyalarında 428,9 milyon kVt/saat enerji istehsalı olunub. Bu, 2023-cü ilin yanvar-mart aylarının göstəricisi ilə müqayisədə 58,4 % çoxdur.

Ötən rüb ərzində Azərbaycanda küləklə işləyən stansiyalar 14,1 milyon kVt/saat enerji istehsal edib ki, bu da ötən ilin eyni rübü ilə müqayisədə 7,8 % azdır.