Bu il özəlləşdirmədən büdcəyə daxilolmalar 21,5 milyon manat olub

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti bu ilin yanvar-mart ayları ərzində 12 hərrac keçirilib.

İndex.az Dövlət Xidmətinə istinadən xəbər verir ki, hərraclarda kiçik dövlət müəssisəsi, 3 səhmdar cəmiyyətinin səhm paketi, 169 nəqliyyat vasitəsi özəlləşdirilib.

Bu ilin yanvar-mart ayları ərzində hərraca çıxarılmış dövlət əmlakı üzrə 136 elektron sifariş qəbul edilib, hərraclarda iştirak etmək məqsədilə “Elektron Hərrac” proqram təminatı vasitəsilə 18 onlayn qoşulma reallaşıb.

Bu ilin ilk 3 ayında özəlləşdirmədən dövlət büdcəsinə daxilolmalar 21,5 milyon manat təşkil edib. Bu, ötən ilin eyni dövrü ilə müqayisədə 15% çoxdur.

Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən bu ilin yanvar-mart ayları ərzində 131-i qeyri-yaşayış, 542-si isə torpaq sahəsi üzrə olmaqla 673 yeni icarə müqaviləsi bağlanılıb.

İlin birinci rübündə daşınmaz dövlət əmlakının (qeyri-yaşayış və torpaq sahələrinin) icarəsindən dövlət büdcəsinə 9,2 milyon manat vəsaitin ödənilməsi təmin olunub, ötən ilin eyni dövrü ilə müqayisədə 16% artım qeydə alınıb.

Beləliklə, yanvar-mart ayları ərzində dövlət əmlakının özəlləşdirilməsindən və icarəsindən büdcəyə 30,7 milyon manat vəsait daxil olub.