Aqrar sektor 1% böyüyüb

Bu ilin I rübündə Azərbaycanda 1 milyard 444,6 milyon manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib.

İndex.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 1,1% çoxdur.

Son bir ildə ölkədə istehsal olunmuş bitkiçilik məhsullarının dəyəri 2,9% artaraq 76,1 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 1% artaraq 1 milyard 368,5 milyon manat olub.

Yanvar-mart aylarında ölkədə diri çəkidə 139,2 min ton ət, 504,5 min ton süd, 571,7 milyon ədəd yumurta və 96,6 min ton tərəvəz istehsal olunub. 1 il əvvələ nisbətən ət istehsalı 0,6%, süd istehsalı 0,6%, yumurta istehsalı 5,2%, tərəvəz istehsalı 2,7% artıb.