Yerli istehsal yük avtomobillərinə tələbat artıb – RƏSMİ

Bu ilin ilk rübü ərzində Azərbaycanda 200 ədəd yük avtomobili istehsal edilib.

İndex.az bu barədə Dövlət Statistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, bu, 2023-cü ilin birinci rübünün göstəricisi ilə müqayisədə 37,9 % çoxdur. Nəticədə, bu il aprelin 1-nə ölkədə 67 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Bu ilin ilk rübündə ölkədə 607 ədəd və ya 2023-ci ilin müvafiq ayı ilə müqayisədə 318 ədəd və yaxud 34,4 % az minik avtomobili istehsal olunub. Bu il aprelin 1-nə ölkədə 226 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Ötən aylar ərzində Azərbaycanda 166 ədəd traktor istehsal edilib. Bu, 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə 27,2 % azdır. Nəticədə, bu il aprelin 1-nə ölkədə 10 ədəd hazır məhsul ehtiyatı yaranıb.

Ümumilikdə, bu ilin birinci rübündə Azərbaycanda 153,5 milyon manat dəyərində maşın və avadanlıqlar, sair nəqliyyat vasitələri, avtomobil, qoşqu və yarımqoşquları istehsal edilib. 2023-cü ilin yanvar-mart ayları ilə müqayisədə avtomobil, qoşqu və yarımqoşquların istehsalı 0,4 %, maşın və avadanlıqların istehsalı 19,5 % artıb, sair nəqliyyat vasitələrinin istehsalı isə 45,1 % azalıb.