Amerika Çin avtomobil istehsalçılarına müharibə elan edib

Amerika hökuməti Çin avtomobil istehsalçılarına böyük embarqo tətbiq edə bilər.

İndex.az xəbər verir ki, prezident Co Baydenin xüsusi göstərişi ilə son günlərdə başladılan təhqiqat nəticəsində, başda Çin mənşəli olmaqla bir çox fərqli markanın avtomobillərində istifadə edilən ağıllı texnologiyaların müxtəlif casusluq fəaliyyətlərində istifadə oluna biləcəyi müəyyən edilib.

Hətta bu vasitələrin bütün funksiyalarının uzaqdan idarəetmə vasitəsi ilə saniyələr ərzində söndürülə biləcəyi iddia edilir. İddia olunan tədbirlər həyata keçirilərsə, görünən odur ki, ölkədəki bir çox xarici avtomobil şirkətləri çox çətin günlər keçirəcək.

Prezident Baydenin özü tərəfindən fevralın 29-da verdiyi rəsmi açıqlamada o, Ticarət Nazirliyinin Çin avtomobil istehsalçılarının, xüsusən də Amerika torpaqlarında bütün fəaliyyətlərinə hərtərəfli nəzarət etməyə başlayacağını və lazım gələrsə, sərt tədbirlərin görüləcəyini söylədi.

Bəzi yüksək texnologiyalı avtomobillərin xüsusi texniki baxışdan keçiriləcəyi də bildirilir. Çünki mobil cihazlara və İT infrastrukturlarına asanlıqla daxil ola bilən ağıllı sistemlər Çin avtomobillərində geniş şəkildə istifadə olunur. Bu sistemlərin saxladığı mühüm məlumatların Çin hökumətinin əlinə keçə biləcəyi ilə bağlı şübhələr yaranıb.

Meksikada fabrik açmağı planlaşdıran nəhəng Çin avtomobil markası BYD-nin Amerika bazarına girib-girməyəcəyinin gündəmdə olduğu günlərdə bu açıqlamaların Çin şirkətləri üçün qırmızı həyəcan siqnalı olduğunu söyləyə bilərik.