“”Bayer 04″ün futbolçularının keyfiyyəti “Qarabağ”a problem yaşadacaq”

Almaniya Bundesliqasının liderinin heyətində yer alan futbolçuların keyfiyyəti “Qarabağ”a problem yaşadacaq.

Index.az xəbər verir ki, bunu “Report”a açıqlamasında Azərbaycan millisinin sabiq futbolçusu Ceyhun Sultanov Ağdam təmsilçisinin Avropa Liqasının 1/8 final mərhələsində “Bayer 04″ə rəqib olması barədə danışarkən deyib.

Keçmiş yarımmüdafiəçi bu raundda “Qarabağ”a uğurlar arzulayıb: “Tərəflər bir-birilərini yaxşı tanıyırlar. Bu, çox çətin rəqibdir. Bu mərhələdə asan komanda olmur. “Reyncers” (Şotlandiya) və “Slaviya” (Çexiya) bir az münasib idi”.

C.Sultanov “köhlən atlar”ın pley-offda Portuqaliyanın “Braqa” komandasını mübarizədən kənarlaşdırmasına da toxunub: “Qarabağ” Bakıda layiq olduğu nəticəni əldə etdi. On nəfərlə əzmkar mübarizə apardılar. 11 futbolçu meydanda olsaydı, tam fərqli oyun görəcəkdik. Hətta inanıram ki, qələbə də qazana bilərdilər”.

Qeyd edək ki, “Qarabağ” ilə “Bayer 04” arasında ilk matç martın 7-də Bakıda, cavab qarşılaşması isə bir həftə sonra Almaniyada gerçəkləşəcək.