Dünyanın ən əhatəli 4 günlük iş təcrübəsinin nəticələri açıqlanıb

Böyük Britaniyada dünyanın ən əhatəli 4 günlük iş sınağında iştirak edən şirkətlərin əksəriyyəti nəticələrdən razıdır.

İndex.az xəbər verir ki, Böyük Britaniyada yerləşən “Autonomy Beyin Mərkəzi”nin 2022-ci ilin iyun-dekabr aylarında təşkil etdiyi araşdırmada ölkədən 61 şirkət iştirak edib.

Nüfuzlu Kembric Universiteti ilə yanaşı, ABŞ-dan Boston Kolleci və Salford Universitetinin də daxil olduğu tədqiqatın nəticələri fevralın 21-də dərc edilib.

Sınaqda iştirak edən 61 şirkətdən 54-ü (89 faiz) 4 günlük iş rejimini davam etdirib, 31-i (51 faiz) isə onu daimi edib. Layihə menecerləri və CEO-ların 55 faizi 4 günlük iş sisteminin şirkətlərinə müsbət təsir etdiyini bildirib.

Bundan əlavə, şirkətlərin yüzdə 50-si bu sistemin işçilərin dövriyyə nisbətini azaltdığını, yüzdə 32-si isə yeni işə qəbul proseslərini yaxşılaşdırdığını bildirib.