Şahzadələr 600 milyon dollar dəyərində mülklərini satıblar

Səudiyyə kral ailəsinin üzvləri vəliəhd şahzadə Məhəmməd bin Salman Əl Səudun maliyyə siyasətini sərtləşdirməsindən sonra gəlirlərin azalması fonunda son bir neçə ildə 600 milyon dollar dəyərində daşınmaz əmlak və dəbdəbəli mallar satıblar.

İndex.az xəbər verir ki, bu barədə nüfuzlu “The Wall Street Journal” nəşri məlumat yayıb.

Bildirilib ki, əvvəllər bəzi şahzadələr xəzinəyə daxil olan vəsaitdən ayda 30 milyon dollara qədər pul alırdılarsa, indi vəliəhd bir çox gəlir mənbələrinə çıxışı əngəlləyib. Belə ki, Məhəmməd bin Salman Əl Səud qohumlarına xaricdə tətil, su və elektrik haqqını dövlət hesabına ödəməyə icazə verməyi dayandırıb. Bundan əlavə, Səudiyyə hökuməti beşinci və ondan sonrakı ev işçilərinə görə 2 500 dollar cərimə ödənməsi barədə qərar çıxarıb. Bütün bu tədbirlər Səudiyyə Ərəbistanına bir neçə yüz milyon dollarlıq xərclərə qənaət etməyə imkan verir.

Nəşrin yazdığına görə, kral ailəsinin bəzi üzvlərinin qulluqçuları saxlamaq və çoxsaylı hesabları ödəmək üçün yetərincə vəsaiti yoxdur, digərləri isə vəliəhdin diqqətini həddindən artıq lüks yaşayışla cəlb etməmək üçün əmlakın bir hissəsindən qurtulmağa üstünlük verirlər.

Məsələn, məlumata görə, ölkənin ABŞ-dakı keçmiş səfiri, şahzadə Bəndər bin Sultan Əl Səud sərvəti ilə gözə dəyməmək üçün Böyük Britaniyadakı 155 milyon dollarlıq mülkünü, iki yaxtasını və zinət əşyalarını satıb. Onun nümayəndəsi isə şahzadənin əmlak satışını krallıqda yatırım qoymaqda böyük fayda görməsi ilə əlaqələndirib.