İcra məmurları dövlətə qarşı – VƏKİL NAZİRLİYƏ SƏSLƏNDİ

Vəkil Səbuhi Axundov məhkəmə qətnamələrinin gecikdirilməsi və ya ümumiyyətlə icra məmurları tərəfindən icra olunmaması ilə bağlı şikayətlənib.

Vəkil, bununla bağlı öz “Facebook” hesabında paylaşım edib.

Onun sözlərinə görə, bankların məhkəmə qətnamələrinin icrası icra məmurları tərəfindən sürətlə həyata keçirildiyi halda, vətəndaşların məhkəmə qətnamələri illərlə icra olunmur.

Məsələ ilə bağlı Səbuhi Axundov ilə əlaqə saxladıq.

İndex.az-a danışan Səbuhi Axundov bildirdi ki, hətta elə qətnamələr var ki, onlar 5-7 ildir icra olunmur:

“Mən başa düşə bilmirəm ki, icra məmurlarının məhkəmə qətnaməsini icra etməsi üçün nə etməliyik? Tələbkar tərəf banklar, böyük şirkətlər olduqda icra məmurları dərhal gəlib vətəndaşın evini, əmlakını, az qala yorğan-döşəyini siyahıya alırlar. Amma adi vətəndaş tələbkar olduqda icra məmurları iş görmək istəmir”.

Vəkilin sözlərinə görə, bununla bağlı edilən şikayətlərin nəticəsi olmur:

“İcra şöbəsindən, icra məmurundan şikayətlər edilsə də, heç bir nəticəsi olmur. İcra Baş İdarəsi üçün vətəndaş şikayətinin demək olar ki, önəmi yoxdur. İcra məmurları isə “get, kimə istəyirsən şikayət elə!” deyirlər”.

Səbuhi Axundov qeyd edib ki, qətnamələrin icra olunmaması dövlət orqanlarına olan inamın itməsinə səbəb olur:

“Məhkəmə qətnamələri dövlətin adından çıxır. İcra olunmadıqda isə vətəndaşın məhkəmə sisteminə olan inamı ölür. Əgər icra olunmayacaqsa, vətəndaş niyə bu qədər xərci çəkib, rüsum ödəyib, vaxt itirməlidir?”

Səbuhi Axundov bildirib ki, belə hallar vətəndaşların kriminal insanlardan kömək istəməsinə şərait yaradır.

“Biz insanlara səslənirik ki, məhkəməyə gəlib öz problemlərini hüquqi yolla həll etsin. Vətəndaşlar bu çağırışa gəlib, rüsum ödəyib, vaxt itirir. Sonda isə dövlətin çıxardığı qətnaməni dövlətin icra məmuru icra etmək istəmir. Əgər vətəndaşın dərdinə dövlət orqanı dərman ola bilmirsə, insanlar kömək üçün digər şəxslərə müraciət edəcək, kriminal insalardan yardım istəyəcəklər. Vətəndaşları bu yola sürükləyən isə iş görmək istəməyən icra məmurlarıdır”.

Vəkilin sözlərinə görə, məsələnin kökündə rüşvət dayanır:

“İcra məmurları işi icra etmək üçün vətəndaşların gəlib onlara “hörmət” etməsini gözləyir. Sırf “hörmət” olunmadığına görə 5, 7, 10, hətta 15 ildir ki, icra olunmayan qətnamələr var. İcra Baş İdarəsi icra məmurunu çağırıb niyə soruşmur ki, bir qətnamə 10-15 ildir hansı səbəbdən icra olunmur? Gözdən pərdə asmaq üçün isə aliment işlərinin icrasını gətirib qarşımıza qoyurlar”.

Səbuhi Axundov hakimlərin məhkəmədə verdiyi qərarların ədalətli olduğunu qeyd edib:

“Məhkəmələrdə verilən hakim qərarları böyük ölçüdə ədalətlidir. Lakin uzun məhkəmə prosesindən sonra hakimin verdiyi qərar illərlə icra olunmursa, hakimin verdiyi qərarın da bir önəmi qalmır. Bununla yanaşı, hakimlər də verdiklərin qərarların nəticəsi ilə maraqlanmırlar”.

Səbuhi Axundov sonda Ədliyyə Nazirliyinə səslənib:

“Mən Ədliyyə Nazirliyinin səlahiyyətli şəxslərindən xahiş edirəm, icra şöbələri ilə yaxından maraqlanın. İcra məmurları işlərinə ciddi yanaşsın. Çünki vətəndaşların artıq məhkəmə vasitəsi ilə hansısa bir problemi həll edə biləcəyinə inamı itib”.