Həmyerlilərimiz daha çox hansı ölkələrə səfər edirlər?

Bu ilin yanvar-mart aylarında Azərbaycandan xaric ölkələrə gedən ölkə vətəndaşlarının sayı ötən ilin eyni dövrü ilə müqayisədə 2,7 dəfə artaraq 298,5 min nəfər olub.

İndex.az bu barədə Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, İrana gedənlərin sayı 5,1 dəfə, Rusiyaya gedənlərin sayı 2,6 dəfə, Türkiyəyə gedənlərin sayı 2,6 dəfə, Gürcüstana gedənlərin sayı isə 2,3 dəfə artıb.

Ölkə vətəndaşlarının 44,5%-i Türkiyəyə, 18,7%-i Rusiyaya, 12,9%-i İrana, 8%-i Gürcüstana, 15,9%-i digər ölkələrə səfər edib. Gedənlərin 66,4%-ni kişilər, 33,6%-ni qadınlar təşkil edib.

Xarici ölkələrə səfər edən vətəndaşların 58,4%-i hava, 39,2%-i dəmir yolu və avtomobil, 2,4%-i isə dəniz nəqliyyatından istifadə edib.