Ölkəyə turist axını 2 dəfədən çox artıb

Bu ilin yanvar-mart aylarında Azərbaycana 149 ölkədən 246,2 min nəfər və yaxud ötən ilin eyni dövrü ilə müqayisədə 2,1 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib.

İndex.az bu barədə Dövlət Sərhəd Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, gələnlərin 27,4 faizi Rusiya Federasiyası, 24,7 faizi Türkiyə, 14,4 faizi İran, 5,8 faizi Gürcüstan, 3,4 faizi Ukrayna, hər birindən 3,1 faiz olmaqla Səudiyyə Ərəbistanı və Birləşmiş Ərəb Əmirlikləri, 2,0 faizi Pakistan, 1,6 faizi Küveyt, 1,3 faizi Qazaxıstan, hər birindən 1,2 faiz olmaqla Hindistan və Böyük Britaniya, hər birindən 0,8 faiz olmaqla Almaniya və Oman, hər birindən 0,7 faiz olmaqla Belarus və ABŞ, hər birindən 0,6 faiz olmaqla İsrail və Özbəkistan, 6,6 faizi digər ölkələrin vətəndaşları olmuşdur. Gələnlərin 79,7 faizini kişilər, 20,3 faizini qadınlar təşkil etmişdir.

Ötən ilin eyni dövrü ilə müqayisədə Omandan gələnlərin sayı 649,0 dəfə, Səudiyyə Ərəbistanından – 168,5 dəfə, Küveytdən – 167,1 dəfə, Bəhreyndən – 50,4 dəfə, Birləşmiş Ərəb Əmirliklərindən – 47,7 dəfə, Pakistandan – 29,5 dəfə, Hindistandan – 11,0 dəfə, İsraildən – 6,3 dəfə, ABŞ-dan – 5,6 dəfə, Qazaxıstandan – 3,6 dəfə, Fransadan – 3,5 dəfə, Ukraynadan – 3,0 dəfə, Böyük Britaniyadan – 2,2 dəfə, İrandan – 1,9 dəfə, Türkiyədən – 1,9 dəfə, Rusiya Federasiyasından – 1,7 dəfə, Gürcüstandan – 14,9 faiz artmışdır.

2021-ci ilin yanvar-mart ayları ilə müqayisədə körfəz ölkələrindən gələnlərin sayı 3,0 dəfə artaraq 58,3 min nəfər, Avropa İttifaqına üzv ölkələrdən gələnlərin sayı 2,5 dəfə artaraq 10,9 min nəfər, MDB ölkələrindən gələnlərin sayı 1,8 dəfə artaraq 84,3 min nəfər olmuşdur.

Ölkəmizə gələn əcnəbilər və vətəndaşlığı olmayan şəxslərin 54,0 faizi hava, 44,2 faizi dəmir yolu və avtomobil, 1,8 faizi isə dəniz nəqliyyatından istifadə etmişdir.