“Stellantis” avtomobillərinə akkumulyatorun dəyişdirilməsi texnologiyasını gətirir

“Ample” ilə müqavilə imzalayan “Stellantis” batareya dəyişdirmə texnologiyasını tətbiq edən ilk qərb avtomobil istehsalçılarından biri oldu.

İndex.az xəbər verir ki, razılaşma ilə “Ample”in modul batareya dəyişdirmə texnologiyası “Stellantis” avtomobillərinə inteqrasiya olunacaq.

Birincisi, sistem 2024-cü ildə İspaniyada “Free2move” avtomobil paylaşma şirkətinin 100 ədəd “Fiat 500e” avtomobilində quraşdırılacaq. “Ample” texnologiyası ilə batareyaları 5 dəqiqədən az müddətdə dəyişdirmək mümkündür.

İstifadə olunacaq modul akkumulyatorlar avtomobilin orijinal akkumulyatorlarını əvəz etmək üçün nəzərdə tutulub. “Ample”in akkumulyatorları istənilən elektrikli avtomobilə uyğunlaşdırıla bilər. Buna görə də, istehsalçılar öz platformalarını yenidən dizayn etməyə ehtiyac duymurlar.

“Ample”in dəyişdirmə stansiyaları üç gün ərzində quraşdırıla bilər. Stansiyaya gələn avtomobil dərhal sistem tərəfindən tanınır və sürücü tətbiq vasitəsilə asanlıqla prosesə başlaya bilər. Xidmət abunə xidməti kimi təklif edilə bilər.