Ağ ev Ukraynaya yardım naminə respublikaçılara güzəştə gedə bilər

ABŞ administrasiyası miqrasiya siyasətində güzəştə gedə bilər ki, respublikaçı konqresmenlər Ukraynaya hərbi yardımın ayrılması ilə bağlı razılığa gəlsinlər.

İndex.az “Reuters”ə istinadən xəbər verir ki, respublikaçıların çoxluq təşkil etdiyi Nümayəndələr Palatası dekabrın 14-dək işləyir və razılaşma əldə etmək üçün çox az vaxt qalır.

Agentliyin məlumatına görə, nəzərdən keçirilən tədbirlərə aşağıdakılar daxildir:

sığınacaq alanlar üçün yoxlama standartlarının sərtləşdirilməsi;

Birləşmiş Ştatlarda sürətləndirilmiş deportasiya prosedurunun genişləndirilməsi (hazırda o, yalnız sərhəddə fəaliyyət göstərir);

ABŞ-yə gedərkən üçüncü ölkələrdən keçən ərizəçilərə sığınacaq verilməsinin rədd edilməsi.

Həmçinin razılığa gəlməyə çalışan hər iki partiyanın senatorları sığınacaq üçün müraciətlərin sayına kəmiyyət məhdudiyyətinin tətbiqini müzakirə edirlər. Agentlik qeyd edib ki, Prezident Cozef Baydenin bu fikirlə bağlı mövqeyi aydın deyil.