Dünya elektromobillərə keçir: Azərbaycan və yerli ustalar buna hazırdırmı?

Texnologiyanın inkişafı hər sahədə olduğu kimi avtomobil sahəsində də sürətlə davam edir.

Bahalaşan dünyada texnologiyanın başlıca məqsədləri günlük xərcləri azaltmaq və ətraf mühitə daha az zərər verməkdir. Məhs buna görə də, avtomobil şirkətləri daxiliyanma mühərriklərindən imtina edərək elektromobil istehsalına üstünlük verməyə başlayıb.

Hətta Avropa İttifaqı belə 2035-ci ilə qədər ittifaqa üzv olan ölkələrin yollarında yalnız elektromobillərin olması barədə qərar qəbul edib.

Lakin alıcıları elektromobil bazarından kənarda saxlayan bir sıra amillər var ki, onlardan biri də elektrik mühərriki üzrə mütəxəssislərin az olmasıdır. Belə ki, alıcılar azərbaycanlı ustaların bu sahədə tam təkmilləşmədiyini, avtomobillərdə nasazlıq yaranarsa problemi aradan qaldıra biləcək mütəxəssislərin olmadığını düşünür. Ümumiyyətlə, Avropa standartlarına uyğunlaşmaq istəyən Azərbaycan elektromobillərə keçməyə tam olaraq hazırdırmı?

İndex.az məsələ ilə bağlı avtomobil ustası Əli Sultanov ilə əlaqə saxladı.

Saytımıza danışan Əli usta bildirdi ki, Avropanın bir parçası olaraq Azərbaycanda da ustalar elektrikli mühərriklərə keçid üçün hazırlaşır:

“Sürətli şarj sistemi olmadığından və yürüş məsafələri az olduğundan bütün dünyada elektromobillərə keçidin hələ bir müddət ləngiyəcəyini düşünürəm. Elektromobillərin təmir məsələsinə gəldikdə isə, artıq Azərbaycanda belə mühərrikləri təmir edə biləcək yetərincə bacarıqlı ustalar var. Hətta qeyd edim ki, hazırda ölkəmizdə olan azsaylı elektromobillərdə nasazlıqlar olduqda ustalarımız öhdəsindən məharətlə gəlirlər”.

Əli usta qeyd edib ki, əgər elektromobillərə keçid sürətlənsə daxiliyanma mühərrikli avtomobillər bazardan sıxışdırılaraq çıxarılacaq: “Önümüzdəki 5-10 il ərzində Avropada daxiliyanma mühərrikli avtomobillərin istehsalı dayanacaq. Azərbaycana isə avtomobillərin əksəriyyəti Avropadan gətirilir. Daxiliyanma mühərrikli avtomobillərin istehsalını dayandıran avtomobil şirkətləri detalların da istahsalını saxlamalı olacaq. Belə olduqda qısa müddətdə daxiliyanma mühərrikli avtomobillərdə detal çatışmazlığı özünü göstərəcək. Detalı olmayan avtomobilin isə hər hansı hissəsi sındıqda, əvəzləyici detalın olmaması həmin avtomobili istifadəyə yararsız hala salacaq”.

 

Mirəli Qasımov