Masallı Rayon Mənzil Kommunal Təsərrüfat İstehsalat Birliyində (MKTİB) baş verən qanunsuzluqlarla bağlı rayon Prokurorluğuna vətəndaş müraciəti daxil olub.
İndex.az xəbər verir ki, bu barədə Masallı Rayon Prokurorluğundan məlumat verilib.
Bununla əlaqədar aparılmış araşdırma zamanı müəyyən edilmişdir ki, 2019-2020-ci illərdə işə götürülərək MKTİB-də ictimai işlərə cəlb edilmiş işçilərin bəziləri qismən işə gəlmiş, digər qismi isə ümumiyyətlə işə gəlməmiş, nəticədə həmin əməkdaşlara cəmi 32 min manat məbləğində əməkhaqqı ödənilmişdir. Bundan başqa, Birliyin aktından məlum olmuşdur ki, həmin qurumun balansında olan avtomobillərin 3 min 700 manat dəyərində ehtiyat hissələri əsassız silinmişdir.
Faktla bağlı Masallı rayon prokurorluğunda Cinayət Məcəlləsinin 179.2.3 (şəxs tərəfindən öz qulluq mövqeyindən istifadə etməklə mənimsəmə) və 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddələri ilə cinayət işi başlanmışdır.
Hazırda iş üzrə istintaq hərtəkətləri aparılmaqla cinayət əməllərinə yol vermiş şəxslərin müəyyən edilərək istintaqa cəlb edilmələri təmin ediləcək.
©Yeniavaz