Neftin qiymətinin azalması OPEC+ formatının noyabr ayında hasilatı artırmaq qərarına gələcəyi ilə bağlıdır.
İndex.az İnvesting.com-a istinadən xəbər verir ki, bu gün Bakı vaxtı ilə saat 9.42-yə olan vəziyyətə görə “Brent” markalı neftin dekabr fyüçersləri 0,13 faiz ucuzlaşaraq 78,21, WTI markalı neftin noyabr fyüçersləri də 0,15 faiz ucuzlaşaraq 74,92 ABŞ dollarından satılıb.
Bazar iştirakçılarının diqqəti hazırda OPEC+ formatı iştirakçılarının oktyabrın 4-nə təyin olunmuş növbəti görüşünə yönəlib. Mənbələrə görə, görüşdə neft hasilatını noyabr – dekabr aylarında 400 min bareldən çox artırıb-artırmayacaqları müzakirə olunmalıdır. Hazırda dünya neft bazarında qiymətlər son 3 ilin ən yüksək həddindədir və hasilatın artırılması istiqamətində artan israrlar var.
ABŞ-da Cozef Bayden administrasiyası da neftin bahalığından narahatlığını gizlətmir. Ağ Evin mətbuat katibi Cenifer Psaki bildirib ki, bu məsələ Prezidentin milli təhlükəsizlik müşaviri Ceyk Salivan ilə Səudiyyə Ərəbistanı vəliəhd şahzadəsi Məhəmməd bin Salmanla bu günlərdə Ər-Riyadda keçirilmiş görüşün gündəliyində mühüm yer tutub.
Dünya üzrə qazın bahalaşdığı bir vaxtda elektrik enerji istehsalında daha çox mazut və ya dizel yanacağına üstünlük verilməsi neftin qiymətinin artmasına təkan verir.
“Gözləntilərin əksinə olaraq bu ilin sonunadək neft bazarında yüksək tələbat görəcəyik”, – “İNG” Mərkəzinin ekspertləri bildiriblər.
©Report