Beynəlxalq Valyuta Fondunun (BVF) son oktyabr proqnozlarına görə, bu ilin sonunda MDB regionunda (Gürcustan və Ukrayna daxil olmaqla) ən yüksək büdcə kəsiri Gürcustanda gözlənilir.
İndex.az Apa-ya istinadən xəbər verir ki, bu il Gürcustanın konsolidə edilmiş dövlət büdcəsində ÜDM-in 6,5%-i səviyyəsində kəsir yaranacaq. Bu göstərici ötən ilki 9,2%-lik kəsirdən daha nikbin görünsə də, yenə sözügedən regionda ən zəif göstəricidir.
Qeyd edək ki, ən yaxşı büdcə balansı isə bu il Rusiya və Türkmənistanda gözlənilir. Rusiyada büdcə kəsirinin ÜDM-in 0,6%-inə, Türkmənistanda 0,3%-inə bərabə olacağı gözlənilir. Bu göstərici üzrə ilk üçlüyü qapadan Azərbaycanda isə icmal büdcəsinin builki kəsiri ÜDM-in 1,8%-i səviyyəsində gözlənilir.
Xatırladaq ki, bu ilin yanvar-sentyabr aylarında Azərbaycanın icmal büdcəsində 3,563 mlrd. manatlıq və ya ÜDM-in 5,7%-inə bərabər profisit yaranıb. 2020-ci ilin yekunlarına görə, icmal büdcənin kəsiri 4,698 mlrd. manat və ya ÜDM-in 6,5%-inə bərabər olub.
Azərbaycanın icmal büdcəsi üzrə layihəsinə görə, gələn il icmal büdcənin kəsiri 5,229 mlrd. manat və ya proqnozlaşdırılan ÜDM-in 6%-nə bərabər olacaq.