SOCAR bu kəmərlə 1 milyon tona yaxın neft ixrac edib

Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR) bu ilin yanvar-noyabr aylarında Bakı-Novorossiysk neft boru kəməri ilə 922,7 min ton neft ixrac edib.

İndex.az Rusiya mətbuatına istinadən xəbər verir ki, bu barədə Rusiya Energetika Nazirliyinin Yanacaq-Energetika Kompleksinin Mərkəzi Dispetçer Mərkəzinin məlumatında deyilir.

Bildirilir ki, SOCAR Azərbaycandan Rusiyanın “Transneft” şirkətinin sistemi üzrə bu ilin 11 ayı ərzində Novorossiysk limanına 922,7 min ton neft nəql edib. Bu, 2020-ci ilin yanvar-noyabr aylarının göstəriciləri ilə müqayisədə 74,6 % çoxdur.

Məlumata görə, təkcə noyabr ayında bu kəmər ilə 84,76 min ton Azərbaycan nefti nəql edilib.

Qeyd edək ki, SOCAR və “Transneft” şirkəti Bakı-Novorossisysk boru kəməri ilə 2021-ci il ərzində 1 milyon tondan çox neftin nəql ediləcəyi ilə bağlı müqavilə imzalayıblar. 2020-ci ildə SOCAR bu kəmər ilə ümumilikdə 613,29 min ton neft nəql edib.