Sumqayıt şəhər İcra Hakimiyyəti yanında “Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi” tərəfindən keçirilən tender müsabiqəsinin qalibi məlum olub.
Yeniavaz.com xəbər verir ki, tender müsabiqəsinin qalibi “MSDIS Holding” MMC olub.
İndex.az xəbər verir ki, Sumqayıt şəhər İcra Hakimiyyəti yanında “Mənzil-Kommunal Təsərrüfatı İstehsalat Birliyi” “MSDIS Holding” MMC-yə Sumqayıt şəhərində küçə, yol, mikrorayon və məhəllələrin ərazilərindəki asfalt örtüyünün təmiri işləri üçün 2 milyon 20 min 503 manat 68 qəpik ödəyəcək.
Məlumat üçün bildirək ki, “MSDIS Holding” MMC təxminən 1 il əvvəl – 10.06.2020-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamı kapitalı 2 milyon 572 min 500 manat olan MMC-nin hüquqi ünvanı Nərimanov rayonu, Xətai pr. Ev 24-də yerləşir. MMC-nin qanuni təmsilçisi Nağıyev Mirfəyyaz Oktay oğludur.
Onu da bildirək ki, Nağıyev Mirfəyyaz Oktay oğlu 24.09.2018-ci idə qeydiyyata alınan “MS Group Holding” MMC, “MS Group Consulting” MMC və “Enerjiquraşdırma-M” MMC-nin də qanuni təmsilçisi olub.
“MSDIS Holding” MMC-nin rəsmi saytında bildirilir ki, şirkıt 1 il əvvəl yaranmasına baxmayaraq 312 layihə həyata keçirib. Abşeron rayonu ərazisində fəaliyyət göstərən “MS OIL” yanacaqdoldurma məntəqələrinin sahibi də “MSDIS Holding” MMC-dir.
Qeyd edək ki, yeni yaranmasına baxmayaraq son 2 ay ərzində “MSDIS Holding” MMC 4 tender müsabiqəsinin qalibi olmağı bacarıb.
– 26.04.2021-ci ildə Abşeron rayonu, Novxanı qəsəbəsi, Bağlar ərazisində “Azərişıq” ASC-yə məxsus 2 saylı Sumqayıt-Maştağa 35 kV-luq hava xəttinin bir hissəsinin sökülərək kabel xətti ilə əvəz edilməsi işləri üçün “Azərişıq” ASC ilə 116 min 489 manat 60 qəpiklik,
– 22.05.2021-ci il tarixində Xırdalan şəhərində abadlıq işləri üçün Abşeron rayon İcra Hakimiyyətilə 1 milyon 362 min 482 manat 86 qəpiklik,
– 25.05.2021-ci il tarixində Sumqayıt şəhərində “Karvan yolu” küçəsinin və Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionunun giriş hissəsinin asfaltlanması işləri üçün Sumqayıt şəhər İcra Hakimiyyətilə 277 min 715 manat 67 qəpiklik,
– 01.06.2021-ci il tarixində Sumqayıt şəhərində küçə, yol, mikrorayon və məhəllələrin ərazilərindəki asfalt örtüyünün təmiri işləri üçün Sumqayıt şəhər İcra Hakimiyyətilə 2 milyon 20 min 503 manat 68 qəpiklik müqavilə imzalanıb.
©Yeniavaz