Xiaomi Apple-ı qabaqlayaraq, dünya 2-cisi oldu

Çinin iri smartfon istehsalçısı Xiaomi cari ilin ikinci rübündə dünya bazarında mövqeyini daha da möhkəmləndirib.

İndex.az xəbər verir ki, Çin şirkəti əsas rəqiblərdən olan Apple-ı (qlobal bazarın 14%-i) qabaqlayaraq, qlobal smartfon bazarında 17% payla ikinci yerə yüksəlib. Lider yenə də 19% payla Cənubi Koreyanın Samsung şirkətidir.

Canalys araşdırma şirkətinin yeni hesabatına görə, Xiaomi sürətlə inkişaf edərək, Latın Amerikasında satışları 1 il ərzində 300%, Avropada isə 50% artırıb. Qlobal bazarda isə ümumi artım 83% olub. Müqayisə üçün – Samsungda bu artım 15%, Apple-da isə cəmi 1% təşkil edib.

Xiaomi Apple-ı əsasən qiymət siyasəti ilə üstələyir.Araşdırma göstərir ki, Xiaominin bəzi modellərinin satış qiyməti Apple-dan 75% ucuzdur. Bu il istifadəyə verilən Mi 11Ultra modeli və ilk qatlanan smartfonu olan Mi Mix Fold ilə Çin nəhəngi həm də premium smartfon bazarında rəqibləri ilə başabaş mübarizə aparmaq niyyətindədir.