Qazaxıstan Almaniyaya neft nəqlinə başlayır

Qazaxıstanın Almaniyaya ilk mərhələdə 20 min ton neft göndərdiyi bildirilir.

İndex.az xəbər verir ki, “Qazaxıstan Milli Neft Nəqliyyatı Şirkəti”nin (KazTransOil) verdiyi açıqlamada, fevralın 25-də Almaniyaya ixrac üçün 20 min ton Qazaxıstan neftinin Polşa sərhədindəki “Adamova Zastava” neft terminalına göndərildiyi bildirilib.

Bəyanatda qeyd olunur ki, “Adamova Zastava” terminalına neft Rusiyanın neft və qaz nəqli şirkəti “Transneft”in boru kəmərləri ilə ötürülüb.

Açıqlamada o da bildirilib ki, “KazTransOil” “Transneft” ilə 2023-cü ildə Almaniyaya 1,2 milyon ton Qazaxıstan neftinin ötürülməsi üçün razılaşıb.

“KazTransOil” bu ilin birinci rübündə Almaniyaya 300 min ton neft göndərməyi planlaşdırdırır.

Bundan əvvəl Almaniya tərəfi Qazaxıstan hökuməti ilə Almaniyanın şərqində yerləşən “Şvedt” neft emalı zavoduna “Drujba” kəməri ilə Qazaxıstan neftinin stabil tədarükü ilə bağlı danışıqlar aparıb.