Ucuzlaşmaqda olan qızıla FED-dən zərbə

Son zamanlar zəif çıxış edən qızıla son zərbə FED protokollarından gəldi.

İndex.az xəbər verir ki, FED protokollarında rəsmilər faiz dərəcələrinin daha da artacağını proqnozlaşdırdığından qızıl bazar qiyməti 1824 dolların altına düşdü.

50 bazlıq faiz artımı hələlik masada olmasa da, sərtləşmənin bir müddət davam edəcəyi mesajı qızıla daha bir zərbə oldu.

FED-in son iclasının protokolları göstərdi ki, siyasətçilər inflyasiyanın yenidən aşağı salınması üçün borclanma xərclərinin daha da artırılmasının zəruri olacağını proqnozlaşdırırdılar.

Qızıl yanvar ayında inflyasiyanın dayanması ilə bağlı məlumatlardan sonra bazarda ortaya çıxan FED-in faiz artımı dövrünü yavaşlatacağı gözləntiləri ilə yüksəlmişdi. Bu dövrdə qızıl daxili bazarda rekordlar qırdı.

Lakin qiymətli metal FED rəsmilərinin inflyasiya ilə mübarizənin sona çatmadığı və faiz dərəcələrinin uzun müddət yüksək qalacağına dair israrlı xəbərdarlıqlarından sonra fevral ayında ucuzlaşdı və çərşənbə günü açıqlanan FED protokolları bu fikri dəstəklədi.