Dünyanda ən sürətli mobil internet hansı operatordadır?

Qlobal internet sürətini ölçən Speedtest.net saytının sahibi Ookla şirkəti yeni reytinq siyahısı dərc edib.

İndex.az xəbər verir ki, Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) ən iri telekommunikasiya şirkəti Etisalat (Emirates Telecommunication Group Company) ardıcıl 2-ci il dünyanın ən sürətli mobil internet operatoru seçilib.

Saniyədə 193.88 meqabit orta yükləmə sürəti ilə Etisalat iyul 2020-iyul 2021 dövründə Speedtest reytinqində 150 balı keçən yeganə mobil operator olub. Şirkət hazırda 5-ci nəsil simsiz mobil internet (5G) texnologiyalarını geniş tətbiq edir.

1976-cı ildə qurulmuş Etisalat BƏƏ-də yeganə internet provayderidir. Şirkət ötən ili 14 milyard dollardan çox gəlir və 2,5 milyard dollar xalis mənfəətlə başa vurub. Etisalat-ın hazırkı bazar dəyəri təxminən 53 milyard dollara yaxındır.

BƏƏ həm də qlobal indeksdə cari ilin yanvar-iyun aylarında mobil internetin orta yükləmə sürətinə görə liderdir. İlk 5-likdə daha sonra Cənubi Koreya, Qətər, Çin və Kipr gəlir.

Sabit genişzolaqlı internet sürətinə görə isə siyahıya Monako başçılıq edir (256,70 meqabit/saniyə). Sonrakı yerləri Sinqapur, Honq Konq, Tayland və Rumıniya tutur.