Pərakəndə ticarət dövriyyəsi 3% artıb

Bu ilin yanvar-oktyabr aylarında Azərbaycanın pərakəndə ticarət şəbəkəsində istehlakçılara 34,4 milyard manatlıq, o cümlədən 18,6 milyard manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 15,8 milyard manatlıq qeyri-ərzaq malları satılıb.

İndex.az bu barədə Dövlət Statlistika Komitəsinə istinadən xəbər verir.

Məlumata görə, ötən ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 2,9%, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 2,3%, qeyri-ərzaq malları üzrə 3,5% artıb.

Hesabat dövründə alıcıların son istehlak məqsədilə aldıqları mallara xərclədiyi vəsaitin 49%-i ərzaq məhsullarının, 5%-i içkilər və tütün məmulatlarının, 15,4%-i toxuculuq məhsulları, geyim və ayaqqabıların, 6%-i avtomobil benzini və dizel yanacağının, 5,4%-i elektrik malları və mebellərin, 2,2%-i əczaçılıq məhsulları və tibbi ləvazimatların, 0,9%-i kompüterlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 16,1%-i isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Bu ilin yanvar-oktyabr aylarında istehlak mallarının dəyər ifadəsində 27%-i ticarət müəssisələri, 49,8%-i fərdi sahibkarlar tərəfindən, 23,2%-i isə bazar və yarmarkalarda satılıb. 2020-ci ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə müəssisələr üzrə 20,4% artıb, fərdi sahibkarlar üzrə 3,1%, bazar və yarmarkalarda 0,8% azalıb.

Hesabat dövründə pərakəndə ticarət şəbəkəsində bir ölkə sakini orta hesabla ayda 343,8 manatlıq, o cümlədən 185,7 manatlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, 158,1 manatlıq qeyri-ərzaq malları alıb.