Yeni Məcəllə nəyi dəyişəcək?

Millət vəkili Vüqar Bayramov Sosial Rifah Məcəlləsinin qəbul olunmasını təklif edib. Deputat bununla bağlı parlamentdə çıxış edib.
Yeni Məcəllənin əhəmiyyətini barədə fikirlərini İndex.az-la bölüşən V.Bayramov deyib ki, məqsəd sosial sahədəki qanunvericilik aktlarının vahid sənəddə birləşdirilməsidir:

“İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, sektorlar üzrə qanunverici aktların məcəllə kimi hazırlanması və təsdiq olunması hüquqi mühit üçün vacib indikatorlardan hesab olunur. Sosial təminat məsələlərinin prioritet olduğunu və 2022-ci ildə cənab Prezidentin göstərişi ilə yeni sosial paketin tətbiq olunduğunu nəzərə alsaq, Sosial Rifah Məcəlləsinin layihəsinin hazırlanması və qəbulu məqsədəuyğun olardı. Bu sosial sahədə qanunvericiliyin sistemləşməsinə və ünvanlılığın təmin olunmasına pozitiv təsir göstərər”.

Millət vəkili hazırda əksər inkişaf etmiş ölkələrdə sosial təminatın hüququnun bazasının gücləndirilməsi üçün oxşar məcəllənin qəbul olunduğunu bildirib. Oxşar təcrübənin ölkəmizdə tətbiqinin vətəndaşlar üçün daha sadə şəkildə, izahlı qanunvericiliyin təqdimatına imkan yaradacağını deyib:

“Nəzərə alsaq ki, sosial sferada kifayət qədər çox sayda qanunvericilik aktları mövcuddur. Onlar fərqli sahələri – əmək pensiyaları, məşğulluq, işsizlikdən sığorta, əlilliyinin təyin olunamsı və s. istiqamətləri əhatə edir. Amma bütün bunların məcəllə halına salınması həm qanunvericiliyin ünvanlı və sistemli şəkildə formalaşması baxımınından məqsəduyğundur. Həm də sosial sferadan faydalananların da sayı kifayət qədər çoxdur. Qanunvericiliyin bir yerdə toplanması vətəndaşların, iş adamlarının, fərqli steyholderlərin həmin məcəllələrdən daha rahat şəkildə istifadəsinə imkan yaradar. Bu baxımdan oxşar təcrübənin Azərbaycanda da tətbiqi məqsəduyğun olardı”.

İnkişaf etmiş ölkələrdə məcəllələşmə prinsipinə üstünlük verildiyini deyən V.Bayramov ölkəmizdə də bu istiqamətdə işlərin aparıldığını bildirib. Əlavə edib ki, artıq vergi qanunvericiliyinin Vergi Məcəlləsi kimi formalaşıb:

“Hazırda Büdcə Məcəlləsinin hazırlanması ilə bağlı işlər davam edir. Sosial sferada da oxşar təcrübənin tətbiqi məqsədəuyğun olardı. Düşünürəm ki, bu həm də sosial təminat siyasətinin daha da gücləndirilməsi baxımından vacibdir. Tutaq ki, vətəndaş tutaq ki, pensiyasındakı artımı hesablamaq, indeksasiya və ya digər məsələlərlə bağlı hansı dəyişikliklərin, addımların olduğunu hesablamaqda müəyyən çətinliklə üzləşir. Çoxlu sayda suallar verilir. Amma Məcəllə formasında olması prosesin daha da asanlaşmasına gətirib çıxaracaq. Vətəndaş artıq bir sənəddə həm indeksasiya, həm digər sosial məsələlərlə bağlı axtardıqları suallara daha qısa zamanda cavab tapa biləcək. Bu baxımdan bütövlükdə sosial siyasətin sistemləşdirilməsi və ünvanlılığının daha da artırılması məqsədilə Sosial Rifah Məcəlləsinin qəbulu daha məqsədəuyğun olardı”.