“Mexaniki sayğacların üzərinə quraşdırılan qurğular birbaşa olaraq həmin sayğacı nəzarətdə saxlamağa, onun oxunuşunu həyata keçirməyə imkan verəcək”.
İndex.az xəbər verir ki, bunu Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyinin Baş direktoru Ruslan Əliyev bu gün media nümayəndələri üçün keçirilən “Açıq qapı” zamanı bildirib.
“Artıq 50 minə yaxın bu tip sayğac əsasən yeni tikilmiş binalarda quraşdırılıb. Bu proseslə yanaşı smart kart tipli sayğacların istismarı, alışı dayandırılmayıb. Hazırda da anbarlarda kifayət qədər bu tip sayğac var. Bununla abonetlər üçün seçim imkanı saxlamışıq”, – R. Əliyev qeyd edib.
Onun sözlərinə görə, ay ərzində cəmi 10-15 abonent sonradan ödəniş sayğacının əvvəlcədən ödəniş sayğacı ilə əvəz edilməsi ilə bağlı bizə müraciət edir: “Smart kart tipli sayğaclar artıq bütün dünyada bazardan çıxır. Heç bir qaz satışı həyata keçirən müəssisələrdə artıq onlar yoxdur. Avropanın özündə bu gün adi mexaniki tipli sayğaclardan istifadə olunur. Adətən smart kart tipli sayğaclar abonentin ödənişi həyata keçirə bilmədiyi zaman quraşdırlır. Bizdə isə abonetlərin ödəniş səviyyəsi çox yüksəkdir. Bu ilin 9 ayının nəticələrinə görə yığım səviyyəsi 100 %-in üzərindədir”.