Qazaxıstanın “Air Astana” şirkətinin bütün aviareysləri yanvarın 7-dək (saat 14:00-dək) ləğv olunub.
Rusiya mətbuatının verdiyi məlumata görə, bu barədə şirkətin rəsmi nümayəndəsi Tlek Nabijanulı bildirib.
Onun sözlərinə görə, reyslərin ləğv olunmasının səbəbi internet şəbəkəsinin olmamasıdır, hansı ki təyyarələri uçuşlara hazırlamaq üçün mühəndis yoxlamaların və qeydlərin aparılması üçün zəruridir.
Qeyd edək ki, bu gün “Air Astana”nın Almatı-Bakı-Almatı aviareysi ləğv olunub.
Xatırladaq ki, Almatı, Aktobe və Aktau hava limanları etiraz aksiyaları səbəbindən işini dayandırıb.
Dünən “Azərbaycan Hava Yolları” QSC (AZAL) Almatıya həyata keçirməyi planlaşdırdığı reyslərin ləğvi barədə məlumat yayıb. Bu qərar Qazaxıstanda baş verən hadisələrlə əlaqədar qəbul edilib. Bakı-Almatı marşrutu üzrə və əks istiqamətdə reyslərə bilet almış bütün sərnişinlərə biletin dəyəri tam geri qaytarılacaq və yaxud pulsuz yenidən rezervasiya təklif olunacaq.