Hansı malları nağd ödənişlə almaq olar?

Bəzi məhsulların vergi ödəyicisi olmayan fiziki şəxslərdən nağd alışına icazə verilir.

İndex.az xəbər verir ki, bununla bağlı qanunvericilikdə xüsusi müddəa nəzərdə tutulub.

“Nağdsız hesablaşmalar haqqında” Qanunun 3.3-cü maddəsinə görə, bu qanunun 3.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla, ƏDV məqsədləri üçün qeydiyyata alınmış vergi ödəyiciləri və vergi tutulan əməliyyatlarının həcmi ardıcıl 12 aylıq dövrün istənilən ayında (aylarında) 200 min manatdan artıq olan ticarət və (və ya) ictimai iaşə fəaliyyəti ilə məşğul olan vergi ödəyiciləri tərəfindən təqvim ayı ərzində ümumi məbləği 30 min manatdan, digər vergi ödəyiciləri tərəfindən isə təqvim ayı ərzində ümumi məbləği 15 min manatdan artıq olan hesablaşmalar üzrə ödənişlər yalnız nağdsız qaydada həyata keçirilməlidir.

Lakin burada bəzi istisnalar yer alıb. Belə ki, həmin qanunun 3.5-ci maddəsi ilə vergi ödəyicilərinə fiziki şəxslərdən aşağıdakı malları nağd qaydada satın almalarına icazə verilib:

1️. kənd təsərrüfatı məhsullarının istehsalçılarından kənd təsərrüfatı məhsullarının qəbulu;
2. əlvan və qara metal qırıntılarının qəbulu;
3. utilizasiya və digər məqsədlər üçün kağız, şüşə və plastik məmulatların qəbulu;
4️. utilizasiya məqsədləri üçün işlənmiş şinlərin qəbulu;
5. xam dərinin tədarükü (alışı).

Qeyd edək ki, vergi ödəyicisi qeyd edilən bütün malların alınması zamanı Vergi Məcəlləsinin 71-2.1-ci maddəsinin tələblərinə uyğun olaraq alış aktları və malların alışı tarixindən 5 gün müddətində elektron alış aktı tərtib etməlidir. Adıçəkilən malların alışına (kənd təsərrüfatı məhsuları istisnadır) görə ödəmə mənbəyində 2% dərəcə ilə vergi hesablanıb tutulur.