Avropada qazın qiyməti 1300 dollara düşdü

Bazar ertəsi kəskin bahalaşaraq min kubmetrinin qiyməti 3900 ABŞ dollarına çatmış Avropada təbii qaz ucuzlaşmaqda davam edir.

İndex.az Londonun “ICE Futures” birjasına istinadən xəbər verir ki, Avropanın ən likvid habı olan TTF-də (Niderland) təbii qazın aprel fyuçerslərinin qiymət minimumu 1 330,8 ABŞ dolları səviyyəsindədir. Bu isə dünənki qiymətdən – 1 437,7 ABŞ dollarından 7,4% aşağıdır.

Xatırladaq ki, ötən ilin yazında TTF habı indeksi üzrə orta hesabla 250-300 ABŞ dolları səviyyəsində olan qazın qiyməti davamlı olaraq artaraq martın 7-də 3 892 ABŞ dollarına çatmışdı.

Avropada qazın qiymətinin kəskin surətdə artması müxtəlif amillərdən qaynaqlanır. Ekspertlər bu amillər sırasında Asiyada sıxılmış təbii qaza olan tələbin kəskin sürətdə artması, tədarükçülərin təklifinin məhdud olması və Avropada qaz anbarlarının doluluq səviyyəsinin az olmasını göstərirlər.