Azərbaycanda kriptovalyuta qadağan oluna bilər?

Rusiyanın Mərkəzi Bankı kriptovalyutadan istifadənin qadağan olunmasını təklif edib. Türkiyədə isə artıq kriptovalyutadan istifadə qadağan olunub. Bəs Azərbaycanda kriptovalyuta ilə bağlı vəziyyət necədir?

İndex.az xəbər verir ki, bu sahə üzrə ekspert Elnur Quliyev “Report”a bildirib ki, böyük ehtimalla Azərbaycanda da kriptovalyutadan istifadə qadağan olunacaq.

Ekspertin fikrincə, ölkələrdə kriptovalyutanın qadağan olunması yeni bir məsələ deyil. Belə ki, hər bir dövlət istəyir ki, ödəniş vasitəsi kimi öz milli valyutası işləsin.

“Adətən kriptovalyutanın qadağan olunması ilə digər əməliyyatlar da qadağan olunur. Digər əməliyyatlar deyəndə, kriptovalyutalardan ödəniş kimi istifadə olunması, ticarəti, pul köçürməsi və mayninqi, yəni kriprovalyutaların istehsal olunması da qadağan olunur.

Məlum məsələdir ki, Rusiyada bu alətlərin istifadəsinə münasibət konservativ idi. Türkiyədə isə ötən ilin sentyabr ayına qədər kriptovalyutailə əməliyyatlar aktiv olsa da, ölkədə Mərkəzi Bankın sədri dəyişəndən sonra münasibət dəyişildi və nəticədə kriptovalyuta əməliyyatları qadağan edildi.

Səbəb isə budur ki, Türkiyə rəqəmsal lirəni dövriyyəyə buraxmaq istəyir. Onların tutduğu yol Çin istiqamətidir. Necə ki, rəqəmsal yuan alternativ valyuta sayılır, eləcə də Türkiyədə digər rəqəmsal valyutaları dövriyyədən çıxartmaqla rəqəmsal lirə istifadəyə buraxılacaq”.

Ekspert Türkiyə və Rusiyadakı tənzimləmə mexanizmini çox önəmli və əhəmiyyətl hesab edir: “Böyük ehtimal ki, onların təcrübəsindən bizim tənzimləyici orqanlar da istifadə edəcək. Biz ən yaxşı halda Türkiyə və Rusiyanın təcrübəsindən faydalanacağıq. Hazırda gözləmə mövqeyindəyik. Bizdə kriptovalyuta ilə bağlı nə qadağa var, nə də tənzimləmə mexanizmi hazırlanıb.

Qeyd edim ki, Rusiya ilə Türkiyədə kriptovalyutalar ilə bağlı belə konservativ yanaşmaların əsas məqsədi rəqəmsal valyutalar vasitələ ölkədən pul çıxarılmasının qarşısını almaqdır. Bu əməliyyatlar tənzimlənmədiyinə görə, pulların giriş və çıxışına nəzarət edilmir. Buna görə də onlara loyal münasibət yoxdur”.

Məsələ ilə bağlı Azərbaycan Mərkəzi Bankının (AMB) Monetar siyasət departamentinin direktoru Azər Ələsgərov “Report”a bildirib ki, Azərbaycanda kriptovalyuta haqqında dəqiqləşmiş informasiya yoxdur: “Sadəcə bir neçə məlumat saytlarında, informasiya portallarında yayılan xəbərlərə istinadən istifadəçilərin sayı haqqında fikir yarana bilir. Bu da kriptovalyutadan istifadənin aşağı səviyyədə olduğunu göstərir. Məlumdur ki, bu aşağı göstərici nə pul siyasətinə, nə də maliyyə təhlükəsizliyinə ciddi təsir göstərmir, təhlükə yaratmır”.

Mərkəzi Bankının sədri Elman Rüstəmov isə ölkəmizdə kriptovalyutanın geniş istifadə olunduğu ölkələrin banklarının fəaliyyətini izlənildiyini bildirdi: “Məlumdur ki, bizdə kriptolaşma səviyyəsi çox aşağıdır. Hazırda öyrənmək lazımdır, dünyada kriptolaşma nə dərəcədə maliyyə kötüyü yarada bilər, kapital axınları ilə bağlı hansı risklər var. Hələlik biz bu bazardan kifayət qədər təhdidlər görmürük”.