Moped sürmək üçün sürücülük vəsiqəsi tələb olunacaq

Azərbaycan qanunvericiliyinə əsasən, mopedləri idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunmur. Bu səbəbdən moped idarə edən şəxslər sürücülük vəsiqəsi olmadan yola çıxırlar. Təbii ki, sürücülük vəsiqəsi olmayan bir şəxsin yol-hərəkət qaydalarından xəbərdar olmaması və heç bir məsuliyyət daşımaması bir sıra problemlərə yol açır.

İndex.az məsələ ilə bağlı qəza əleyhinə kursların məşqçisi Aqil Rəhimov ilə əlaqə saxladı.

A.Rəhimov bildirdi ki, “Prius”larla yanaşı, sürücülərin ən çox qorxduğu məhz motosiklet və mopedlərdir:

“Fikrimcə moped sürücüləri motosiklet sürücülərindən daha pis sürürlər. Moped sürücüləri yalnız yolun sağ zolağı ilə hərəkət etməlidir. Amma bir çox təhlükəli manevrlərdən çəkinmirlər. Nəticədə qəzalar baş verir. Bunun səbəbi isə odur ki, motosikletdən fərqli olaraq, moped idarə etmək üçün sürücülük vəsiqəsi tələb olunmur. Bu, absurddur! Yola çıxan hər bir şəxs yol hərəkəti qaydalarını bilməlidir. Biz bununla bağlı məsələni müvafiq dövlət qurumlarının qarşısında qaldırmışıq. İnanıram ki, nəticəsi olacaq”.

Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə bölməsinin rəisi Araz Əsgərli isə İndex.az-a bildirdi ki, qanunvericiliyə əsasən, mopedlərin mühərrik həcmi 50 sm3-dən az olduğu üçün hərəkətin digər iştirakçıları kimi kvalifikasiya olunub və onları idarə edən şəxslərdən sürücülük vəsiqəsi tələb olunmur.

“Əvvəllər nəqliyyat vəsitəsi kimi mopedlər məhşur olmasa da müasir dövrümüzdə, əsasən də pandemiyadan sonra daşımalarda daha çox istifadə olunmağa başladı. Hətta ən yeni mopedlərin texniki göstəriciləri heç də motosikletlərdən geri qalmır. Bunların arasında elələri var ki, 100 km/saat sürət yığa bilir. Bununla yanaşı, moped sürücüləri qayda pozsalar belə, bu qayda pozuntuları qeydə alınmır. Belə sürücülər əksər hallarda nişanın tələbinə əməl etmirlər, işıqforun qadağanedici işığında keçirlər, yol ayrıclarını düzgün keçmirlər. Bu da artıq bu məsələyə yanaşma tərzini dəyişməyə vadar edir. Daxili İşlər Nazirliyi bu cür kateqoriyaya daxil olan şəxslərin sürücülük hüquqlarının əldə olunması və dövlət qeydiyyatına alınması üçün “Yol hərəkəti haqqında” qanuna dəyişikliklərin olunması ilə bağlı təkliflər hazırlayıb. Artıq bu təkliflər razılaşdırılaraq parlamentə təklif edilib”.