“Azərsu” ASC-nin faiz hesablanan kredit və borc öhdəliyi bu il yanvarın 1-nə 260,097 milyon manat təşkil edib.
İndex.az səhmdar cəmiyyətinin maliyyə hesabatına istinadən xəbər verir ki, bu, ötən il yanvarın 1-i ilə müqayisədə 1,8% azdır.
Hesabat dövründə “Azərsu”yun Maliyyə Nazirliyinə borcu 15,6% artaraq 148,504 milyon manat, Almaniyanın dövlət bankı KfW-yə borcu 1,5% azalaraq 58,701 milyon manat, Fransanın korporativ və investisiya bankı “Natixis”ə borcu 16,2% azalaraq 32,496 milyon manat, Dünya Bankına borcu 3,8 dəfə azalaraq 3,843 milyon manat, Asiya İnkişaf Bankına (ADB) borcu 0,4% artaraq 16,553 milyon manat olub.
Səhmdar cəmiyyətinə borcu Maliyyə Nazirliyi faizsiz, KfW illik 0,75%-lə, “Natixis” illik 2,45%-lə, Dünya Bankı illik 0,75%-lə, ADB illik 2,5%-lə verib.
Xatırladaq ki, “Azərsu” 2004-cü ildə yaradılıb. Onun nizamnamə kapitalı 400 milyon manatdır. Səhmdar cəmiyyəti 100% dövlətə məxsusdur və ölkədə su təchizatı, içməli suyun təchizatı və kanalizasiya xidmətlərinin həyata keçirilməsi sahəsində dövlət siyasətini və strategiyasını həyata keçirən təbii inhisarçıdır. Qurumun əsas funksiyalarına suyun mənbələrdən çıxarılması, ölkə ərazisində istehlakçıların istifadəsi, paylanması və satışı təmizlənməsi və suyun xüsusiyyətlərinin sabitləşdirilməsi daxildir.