“Uber” rəhbərliyinin fırıldaqları: başdan iylənən şirkət

Dünyanın ən məşhur taksi startapı olan «Uber»in fırıldaqları barədə məlumatlar ictimaiyyətə açıqlanıb.

İndex.az xəbər verir ki, şirketin keçmiş rəhbəri Mark MacGann, şirkətə aid 124 min sənədi, elektron poçt, mətn, mesajlar və sair məlumatları mətbuata açıqlayıb.

Burada onun özü də daxil olmaqla «Uber» rəhbərlərinin biznesi genişləndirmək üçün hansı yollara əl atdığı açıq görünür. «The Guardian» tərəfindən əldə edilən və Beynəlxalq Araşdırmaçı Jurnalistlər Konsorsiumu (ICIJ) ilə paylaşılan “Uber Files” adlanan sənədlər şirkətin həmtəsisçisi Travis Kalanickin şirkəti idarə etdiyi 2013-17-ci illərə aiddir.

Kalanick 2017-ci ildə Uber-in səhmdarlarına yalan söyləməsi və iş yerində düşmənçilik şəraiti yaratması ittihamları fonunda səhmdarların təzyiqi səbəbindən istefa verib.

Xatırladaq ki, «Uber»in genişlənməsi bütün dünyada etirazlarla müşayiət olunub – bizneslərinin əldən çıxacağından və şirkətin monopoliya yaradacağından narahat olan taksi sürücüləri və başqaları müxtəlif şəhərlərdə etirazlar keçiriblər. 2015-ci ildə taksi tərəfdarı nümayişçilərin yolları bağladıqları və təkərləri yandırdıqları Fransanın Marsel şəhərində işlər xüsusilə kəskin xarakter almışdı.

Sənədlərdə bildirilir ki, «Uber» biznesini genişləndirmək və yerli rəyi ələ almaq üçün bütün dünyada nüfuzlu şəxslərə «maliyyə payları», yəni müxtəlif ödənişlər edirmiş. Bundan başqa, «Uber» alimlərə ödəniş edirmiş ki, onun iqtisadi bəyanatlarını təsdiqləyən araşdırmalar aparsınlar. Şirkət yerli qanunları bilərəkdən qulaqardına vurur və onların icrasından yayınırmış.

Hesabatda ən maraqlı hissələrdən biri Fransa prezidenti ilə bağlıdır. İndi ortaya çıxıb ki, «Uber»in rəhbərliyi gizli şəkildə dünya liderləri, o cümlədən Fransanın indiki prezidenti Emmanuel Makronla görüşüb, bu hallar 2015-ci ildə Makron hələ Fransanın iqtisadiyyat naziri olanda baş verib.

«Uber»in özündə bu barədə yayılan məlumatları rədd etməsələr də, geniş açıqlama vermək istəməyiblər. Şirkət bildirir ki, əvvəl baş verənlərə görə izahat vermək fikrində deyil, və təklif edib ki, hazırki baş direktor Dara Xosrovşahinin rəhbərlik etdiyi dövrə diqqət yetirsinlər.

FED.az